Gəncə Apellyasiya Məhkəməsində Gədəbəydə həmyerlisini döyməkdə təqsirləndirilən Mübariz Əsgərovun barəsində olan hökmdən verilən apellyasiya protestinə baxılıb.
Pravda.az-ıb əldə etdiyi məlumata görə, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, hadisə 2020-ci il oktyabrın 21-də Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Köhnə Bazar”ın giriş hissəsində qeydə alınıb.
Belə ki, Mübariz Əsgərov həmin ərazidə olarkən həmyerlisi Rövşən Məmmədov ona yaxınlaşaraq 2020-ci ilin sentyabr ayında aralarında baş vermiş dava-dalaş hadisəsinə görə ondan üzr istəməməsinin səbəbini soruşub. Bu zaman Rövşən təqsirləndirilən şəxsə “sən polisə işləyirsən, yenə də məni polisə verəcəksən” deyib. Tərəflər arasında mübahisə böyüyüb. Daha sonra Rövşən Məmmədov onu başının üzərinə qaldırıb yerə yıxıb. Mübariz isə cibindən çıxardığı soyuq silah hesab edilməyən bıçaqla qəsdən Rövşənin döş qəfəsinə üç dəfə, qarın nahiyyəsinə bir dəfə, baş nahiyəsinə isə 1 dəfə zərbə endirib.
Cinayət matereallarında göstərilib ki, Mübariz Əsgərov Rövşən Məmmədova döş qəfəsinin iki ədəd, qarının bir ədəd və başın bir ədəd daxilə keçməyən kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən və döş qəfəsinin (sol kürəyin) hemo-pnevmotoraksla, travmatik və hemorragik şokla müşaiyət olunan bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan xəsarət yetirərək qəsdən sağlamlığına ağır zərər vurub.
Hadisədən sonra Mübariz Əsgərov polis əməkdaşı tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 130.1-ci (Zəruri müdafiə həddini aşmaqla qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 21 oktyabr 2020-ci il tarixdən hesablanıb və ona təyin edilən 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası hökm çıxarıldığı gün bitdiyindən təyin olunan həmin cəza çəkilmiş hesab edilib.
Mübariz Əsgərovun barəsində seçilmiş ev dustaqlılğı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.
Kamal Məmmədov