Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

"Azad media fikir plüralizminin mənbəyi və təminatçısıdır" - RƏY

1 442
Paylaş:
"Azad media fikir plüralizminin mənbəyi və təminatçısıdır" -         RƏY

Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına qapı açıb. Azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi İnformasiya Vasitələri – qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərir.

Media eksperti, professor Qulu Məhərrəmli Pravda.az-a açıqlamasında bildirib ki, istənilən demokratik cəmiyyət üçün media, söz azadlığı, məlumat əldə etmək azadlığı çox vacib şərtlərdəndir: “O cəmiyyətdə ki, açıq fikirlilik, azad mətbuat var, orada həm də fikir plüralizmi mövcuddur. Fikir müxtəlifliyi olmayan cəmiyyətlərdə proseslər, hökumətin fəaliyyəti haqqında təsəvvürlər dəqiq olmur. Ölkəmizdə 1990-cı illərin əvvəllərindən mövcud olan plüralizm ənənə kimi davam edir. Bəzən situasiyadan asılı olaraq fikir müxtəlifliyinin yeri darlaşır, bəzənsə yanaşmadan asılı olaraq öz məcrasında davam edir. İnternetin meydana çıxması istər-istəməz fikir müxtəlifliyi üçün güclü impuls oldu. Bir tərəfdə sosial şəbəkələr var, ayrı-ayrı fərdlər öz fikirlərini ifadə edirlər. Düzdür, bu, peşəkar media demək deyil. Amma sosial şəbəkələrdə mövcud olan fikirlər ənənəvi, o cümlədən yazılı media üçün məlumat mənbəyi rolunu oynayır. İlk növbədə cəmiyyət üçün önəmli olan məsələlərə, problemlərə yanaşmanın ifadəsində, fərqli düşüncələrin meydana çıxarılmasında fikir plüralizmi olmadan cəmiyyətin inkişafı mümkünsüzdür. Ona görə də mediamız hər zaman bu məsələni diqqətdə saxlamağa çalışır. Hansı media qurumu daha çox plüralistdir? Şübhəsiz ki, birinci növbədə azad media fikir plüralizminin mənbəyi, onun təminatçısıdır”.

Q.Məhərrəmli qeyd edib ki, azad mətbuat olmasa, hökumətin, yaxud müxalifətin nəzarəti altında olan media qurumu heç vaxt sözün həqiqi mənasında plüralist olmur: “Ona görə də çalışmalıyıq ki, ölkədə azad mətbuat inkişaf etsin, heç bir siyasi qurumdan, partiyadan, hökumət orqanından asılı olmayan mətbuat orqanlarının sayı çoxalsın. Ölkəmizdə azad saytların sayı da kifayət qədərdir. İstənilən media qurumlarının ən ciddi problemlərindən biri onların fəaliyyəti üçün şəffaf maliyyə qaynaqlarının olmasıdır. Media asılı vəziyyətdə olanda tam plüralist, cəmiyyət üçün gərəkli media qurumu ola bilməz. Son illərdə qəbul olunmuş “Media haqqında” qanuna çox istinad olunur ki, bu qanun azad, plüralist medianın inkişafı üçün şərait yaradır. Əslində qanunun məqsədi bu deyil. Qanunun məqsədi hüquqi-ictimai münasibətləri tənzimləmək, müəyyən çərçivələri müəyyənləşdirməkdir. Əsas məsələni isə mətbuat orqanlarının özü, fəaliyyəti üçün mövcud olan şərait müəyyənləşdirir. O yerdə ki, insanların peşəsi var, o yerdə ki, media yalnız dolanışıq üçün vasitədir, sifarişlər yerinə yetirir, “copy paste” ilə məşğuldur, ciddi problemlər qaldırmır, cəmiyyəti düşündürən problemlərdən yazmır, həmin medianın heç bir faydası yoxdur. Yalnız azad media cəmiyyəti fikir, düşüncə baxımından irəli apara bilər”.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə bildirib ki, Azərbaycan 1991-ci ildə Müstəqillik Bəyannaməsində demokratik dövlət, hüququn aliliyi, söz azadlığını dəyişməz bir prinsip kimi qarşısına məqsəd qoyduğunu elan edib:

“Azərbaycan demokratiya yolu ilə gedən dövlətdir. Həmçinin 1995-ci ildə qəbul edilən Konstitusiyada söz azadlığı, plüralizm, insan hüquqlarının müdafiəsi və qorunması, vicdan azadlığı, qadın və kişilərin bərabərhüquqlu olması məsələsi açıq-aydın öz əksini tapıb. Sonradan keçirilən referendumlarda da bununla bağlı təkmilləşmələr aparılıb. Qanunvericilikdə söz azadlığı, plüralizmlə bağlı kifayət qədər maddələr var. Bu gün ölkəmizdə plüralizmi məhdudlaşdıran heç nə yoxdur. Azərbaycanda sərbəst toplaşmaq, söz azadlığı haqqında qanunlar yüksək səviyyədə təsbit olunub. Bununla bağlı qəbul edilən qanunların hər biri beynəlxalq ekspertlər tərəfindən nəzərdən keçirilib. Dövlətimiz, eləcə də Milli Məclis yeni qanunların qəbul edilməsinə, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə maraqlıdır. Bu, prioritet məsələlərimizdən biridir. Ölkəmizdə hazırda söz azadlığını, plüralizmin inkişafını ləngidən, problem yaradan hər hansı məsələ varsa, parlament bu məsələnin qaldırılmasına müsbət yanaşır. Belə də olmalıdır, çünki cəmiyyət inkişaf etdikcə ictimai münasibətlərdə də müəyyən tənzimləmələrə zərurət yaranır”.

Deputat Elman Məmmədov qeyd edib ki, plüralizm, söz, fikir və məlumat azadlığı Azərbaycan qanunları ilə tənzimlənir:

“Azərbaycan dövləti hər zaman mətbuat azadlığı, aşkarlıq, şəffaflıq istiqamətində tədbirlər görür, qanunlar qəbul olunur. Lazım gəldikdə müəyyən dəyişikliklər də edilir. Azərbaycanda bu qədər QHT-lərin, saytların, Kütləvi İnformasiya Vasitələrinin mövcud olması özü elə media, söz azadlığıdır. Bu istiqamətdə Azərbaycanda heç bir problem və məhdudiyyətlər olmamalıdır. Bu məsələlərlə bağlı müvafiq qanunlara əməl edilməsi vacibdir”.

Deputat Müşfiq Cəfərov deyib ki, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir:

"Ölkəmizdə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi İnformasiya Vasitələri cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin mühüm tərkib hissəsidir. KİV cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan KİV dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi sayılır. Bu gün ölkəmizdə medianın azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Düşünürəm ki, dünya təcrübəsinin nəzərə alınması ilə yenidən hazırlanan “Media haqqında” qanun layihəsinin bu sahədəki bütün boşluqları dolduracaq".

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər