"Ziyalı", "ziyalılar" sözü sovetlərin "intelligent" "intellingensiya" sözlərinin dilimizdə ekvivalentidir. Sovetlər yeni qurulanda bu sözlər, hətta təhqir kimi işlədilirdi, burjuaziyanın qalığı kimi təqdim edilirdi. Sonra bolşeviklər başa düşdülər ki, bu anlayışı aşağılamaqdansa, öz təbliğat maşınının elementinə çevirmək daha məntiqli olar. Ona görə də 1920-ci illərin ortalarından şairləri, yazıçıları, alimləri “intelligent” kimi, onları xüsusi bir alt sinif – “intelligensiya” kimi təqdim etməyə başladılar. Onlar da öz əsərləri, publik çıxışları ilə sovetləri təbliğ etməyə başladılar, əvəzində isə fəxri adlar, evlər, maşınlar, kurortlarda pulsuz dincəlmək hüququ, Lenin-Stalin adına təqaüdlər qazandılar. Sovet Azərbaycanında da eyni yanaşma idi, ümumi bolşevik xəttə azacıq təhlükə yaradan Müşfiqləri, Cavidləri məhv etdilər, amma Vurğunları, Rzaları göylərə qaldırıb əsl “ziyalı” donu biçdilər. SSRİ-nin dağılması zamanı xalqın gözləntisi yenə ziyalılara yönəldi, bəzi şairlər, yazıçılar, alimlər ölkəmizin müstəqilliyi üçün aparılan mübarizədə özünəməxsus rol aldılar, kömək oldular, onlara bu məsələdə təşəkkür düşür. Amma müstəqillik əldə etdiyimizdən bəri “sovet ziyalısı” tipi və yanaşması dəyişmədi – yenə sistemə qulluq edənlər fəxri adlar, evlər, bağlar, maşınlar, xarici səfərlər əldə etməyə başladılar. Yəni, “ziyalı” sistemə inteqrə olunmuş şəxslərə çevrildilər, amma Aydın ola bilmədilər, sovetlərdən qalmış fəxri adlar ləğv edilmədi, ziyalılar məhz Aydınlara çevrilmədilər! Mənim üçün ziyalı və aydın tam fərqli məsələlərdir, tam fərqli anlayışlardır, ümumiyyətlə, ziyalı sözünə qarşıyam, Aydın sözü daha doğru, daha məntiqlidir".
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.