Nərimanov Rayon Məhkəməsində “Qazax Sement Zavodu” MMC barəsində tərtib edilən cərimə protokoluna baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Mərkəzi Bank tərəfindən yazılan protokolun icraatına xitam verilib.
“Qazax Sement Zavodu” MMC-yə Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokollar tərtib edilib. Daha sonra protokollar baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Xatırlatma: “Qazax Sement Zavodu”na daha əvvəl eyni xəta ilə cərimə protokolu yazılıb.
Qeyd: “Qazax Sement Zavodu” MMC respublikanın qərb regionunda fəaliyyət göstərən iri sənaye müəssisəsidir. Şirkətin Qazax rayonunda sement istehsalı zavodu və Azərbaycanın müxtəlif regionlarında 8 beton zavodu və bir neçə qum çınqıl karxanası fəaliyyət göstərir. Zavodun sement istehsalı ildə 1.5 milyon ton, klinker istehsalı sutkada 3 500 ton təşkil edir. Zavodun inşasına 2010-cu ilin mart ayında başlanıb, 2013-cü ilin aprelində sement istehsalı, 2014-cü ilin avqustunda isə klinker istehsalı xətləri istifadəyə verilib.
Kamal Məmmədov