BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənclər niyə narkotikə qurşanırlar? – Səbəblər açıqlandı

“Son dövrlər narkotikin yayılması əsasən gənclər arasında müşahidə edilir. Keçmişdə belə deyildi, əvvəllər narkotiki orta yaşlılar istifadə edirdilər. Narkotikə qurşanmanın səbəbləri daha çox iki faktorla bağlıdır. Birincisi, sosial problemlər, işsizlik, yoxsulluq, müxtəlif depressiv vəziyyətlərdir. Sosial problemi olan gənclər heç bir çıxış yolu tapa bilmir, həyatdan küsür, hər şeydən bezirlər. İşsiz, evsiz qalır, evlənə bilmir, çıxış yolunu narkotikə qurşanmaqda görürlər ki, ağrı-acıları unutsunlar. İkinci səbəb isə mənəvi deqradasiyadır. Bu kateqoriyaya maddi ehtiyacı olmayanlar daxildir. Onlar əyləncədən ötrü, guya vaxtlarını daha şən, maraqlı keçirmək üçün narkotikdən istifadə edirlər. Hər iki səbəb faciəyə aparıb çıxarır. Bunlar  aradan qalxsa, düşünürəm, narkotik bəlasının 95% qarşısını ala bilərik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı 25-39 yaş gənclər arasında narkotik istifadəçilərinin artması barədə danışarkən deyib.

Elçin Bayramlı: "Onlar üçün sifarişi kimin verdiyi maraqlı deyil, əsas  verilən pulun məbləğidir"

O bildirib ki, son 1 ildə Daxili İşlər Nazirliyi narkotiklə böyük mübarizə kampaniyasına başlayıb: “Bunu dəstəkləyirəm. Saysız-hesabsız plantasiyalar aşkar edildi, narkotacir qrupları, mafiyaları həbs edildi. Əhəmiyyətli ölçüdə gedişat azaldı, amma bununla problem tam aradan qalxa bilməz. Hər nə qədər təqdirəlayiq iş olsa da, DİN vəzifəsini yerinə yetirib nəticələri aradan qaldırdı, lakin səbəbləri aradan qaldırmaq hökumətin işidir. Artıq gənclərin sosial məsələləri həll olunmalı, onların asudə vaxtlarının səmərəli təşkili, uşaqlar üçün orta məktəb vaxtlarından müxtəlif idman kurslarının təşkili vacibdir. Uşaqlar üçün orta məktəbdə yaradıcılıq kursları yoxdur, olanlar da bahadır. Gənclər iş tapa, bir çoxu təhsil ala bilmir. Bu, artıq hökumətin problemidir. Mənəvi tərəfi də həm hökumətin, həm valideynlərin, məktəbin problemidir. Uşaqlar lap əvvəldən narkotikin necə ağır faciə olması barədə maarifləndirilməlidirlər. Bununla yanaşı, nəzarət də olmaldır. Görürük ki, narkotikə qurşanmış uşaqlar, gənclər daha çox nəzarətsiz qalanlar, tamamilə azad buraxılanlardır. Bu səbəbdən problemin nəticələri ilə deyil, səbəbləri ilə məşğul olmaq lazımdır. Mənəvi deqradasiyanın da qarşısı alınmalıdır. Dövlət də, valideynlər də, müəllimlər də narkotiklə mübarizə təbliğatını milli-mənəvi dəyərlər üzərindən etməlidirlər”.

 

Aytəkin Qardaşova

Tarix: 23 May 2022, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin