Sumqayıt Ağır Cinayətlər Məhkəməsində məktəblini bıçaqlayan 2006-cı il təvəllüdlü Sənan Malikovun (ad, soy adı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib. Sınaq müddəti ərzində təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub. Sənan Malikovun davranışı üzərində nəzarətin həyata keçirilməsi Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilib.
Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri ləğv olunub.
İttiham aktına görə, hadisə 2021-ci il iyulun 12-si saat 20 radələrində Abşeron rayonu, Quşçuluq massivində yerləşən Xırdalan şəhər 8 saylı orta məktəbin həyətində qeydə alınıb.
Belə ki, Sənan Malikov məktəbin həyətində başqa şəxslərin olmadığı vaxt eyni təhsil ocağında oxuduğu, yetkinlik yaşına çatmayan Səfər Əkbərovla (ad, soy adı şərti) şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman o, özü ilə götürdüyü turist bıçağı ilə Səfərə 4 zərbə endirərək onun sağlamlığına yüngül zərərvurmaya aid xəsarət yetirib.
Daha sonra Sənan Malikov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.
Məhkəmə iclasında Sənan Malikov elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib. O, ifadə vermək istəmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini söyləyib. Təqsirləndirilən şəxs əlavə olaraq göstərib ki, o, Səfəri təxminən 5-6 ildir tanıyır:
“Eyni məktəbdə oxumuşuq. Onunla aramızda əvvəllər mübahisə olmayıb. Bıçağı özümü qorumaq məqsədilə götürmüşdüm. Törətdiyim əməldən peşmanam. Səfərlə barışmışıq. Ona vurulmuş maddi və mənəvi ziyanı tam şəkildə aradan qaldırmasının nəzərə alınmasını və barəmdə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edirəm”.
Sənan Malikov ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilərək ifadəsində göstərib ki, orta məktəbin 9-cu C sinfində oxuyur:
“Səfər mənim oxuduğum məktəbin 10-cu sinif şağirdidir. Həmçinin yaşadığım evin yaxınlğında yaşayır. Onunla münasibətim bir məhlə uşağı, məktəb yoldaşı kimi həmişə normal olub. Səfər mənim arxamca məktəb uşaqlarımın və tanışlarımın yanında yaxşı oğlan olmadığımı və qorxaq olduğum barədə danışdığını eşitmişdim. Mübahisəmiz də buna görə oldu”.
Kamal Məmmədov