“Neçənci dəfədir ki, sosial şəbəkələrdə həssas qrupa aid olan insanların problemləri qabardılır, bəzi məmurlardan şikayətlənirlər. Əlbəttə ki, ilk növbədə belə faktların olub-olmaması ciddi şəkildə araşdırılmalıdır. Belə bir məmur varsa, mütləq cəzalandırılmalıdır. Hər kəs cənab Prezidentin bu sahədə qarşıya qoyduğu vəzifələri yaxından dərk etməli, həssas təbəqədən olan insanlara diqqət və qayğı göstərilməlidir. Unutmayaq ki, bu məsələlər xaricdə olan ermənipərəst qüvvələrin birbaşa diktəsi altında ölkəmizdə fəaliyyət göstərən “Beşinci kolon”, şər-böhtan kampaniyası yayan radikal müxalifət tərəfindən ciddi şəkildə qabardılır. Bəlkə də belə şikayət faktları araşdırıldıqda, bunun arxasında da məhz həmin qüvvələrin dayandığı ortaya çıxacaq. Bütün məmurlar bu baxımdan həssas qrupa aid olan insanların müraciətlərinə xüsusi qayğı ilə yanaşmalıdırlar. Xaricdə olan ermənipərəst qüvvələrin ayırdığı qrantlar altında ölkəmizdə fəaliyyət göstərən qaragüruh qüvvələrin bu məsələləri qabartmasına imkan vermək lazım deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.