“Brüsseldə son dəfə keçirilən üçtərəfli görşdə “Artsax”, “Dağlıq Qarabağ” kimi ifadələr işlədilmədi. Azərbaycan tərəfi bəyanatlarında qeyd edib ki, ölkə daxilində heç bir separatçı qurum mövcud olmayacaq, həmçinin Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Ermənistan tərəfinə bu məsələdə müvəqqəti olaraq ümid verən 1991-ci ilin sentyabr ayında işğalçılar, cinayətkarlar tərəfindən Azərabaycan ərazisində “Artsax” adlandırılaraq qurulan “Dağlıq Qarabağ Respublikası” adlı separatçı rejimdir”.
Bunu Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat təəssüf hissi ilə qeyd edib ki, müəyyən qüvvələrin, xüsusilə də Azərbaycan ərazisində mövcud olan Rusiya hərbi kontingentinin himayəsi altında separatçı qurum hələ də öz mövcudluğunu saxlaya bilir: “Həmin qurumun mövcud olduğu ərazidə Rusiya kontingenti ilə yanaşı, Ermənistana məxsus qeyri-qanuni hərbi cinayətkar birləşmələr də qalmaqda davam edir. Hesab edirəm ki, onların son ümidlərini puç etmək, xam xəyallarına son qoymaq üçün Azərbaycan əməli tədbirlər görməlidir. Yəni qanunlarına, həmçinin beynəlxalq hüquqa uyğun davranaraq ərazisində olan bu separatçı, cinayətkar qurumu məhv etməlidir. Ermənistana məxsus terrorçu hərbi birləşmələri isə ya öz xoşları ilə çıxıb getməli, ya da Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilməlidirlər. Azərbaycan ərazisi cinayətkar, separatçı, terrorçulardan tamamilə təmizlənməlidir. Bu, onların son ümidlərinin də puç olmasına gətirib çıxaracaq. Paşinyanın və digərlərinin sərsəm bəyanatları Azərbaycanı məcbur edir ki, cinayətkarlardan təmizləmə prosesini sürətləndirsin və buna birdəfəlik son qoysun. Nə qədər ki, orada belə bir vəziyyət mövcuddur, onların da ümidi davam edir, buna arxalanaraq sərsəm bəyanatlar verirlər. Təbii ki, erməni tərəfi bu məsələdə tək deyil. Onlara “siz israr edin, dediyinizin üstündə dayanın biz sizə kömək edəcəyik” fikirlərini yeridən müəyyən qüvvələr, mərkəzlər var. Ermənistan tərəfinin bu hərəkətləri də öz növbəsində sülh, danışıqlar prosesini pozur və əldə olunan müəyyən razılaşmaların üstündən xətt çəkir. Bu hərəkətlər sonunda Azərbaycanı öz ərazisini cinayətkarlardan təmizləməsi üçün yeni müharibənin başlanmasına sövq edə bilər. Əks təqdirdə, belə təxribatlar və pozuculuq fəaliyyətləri davam edəcək.”
Leyla Yusubova