Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır”

1 153
Paylaş:
Deputat: “Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır”

“Prezident İlham Əliyev növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv sərəncamı imzalamaqla Müstəqillik Günü ərəfəsində 213 vətəndaşa ikinci şans verdi, 213 ailəyə bu bayram günündə sevinc bəxş etdi. Bildiyiniz kimi, cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə, ya da ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər. Və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Cənab Prezidentin dünənki əfvetmə aktı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 168, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 şəxs cəzalarının çəkilməmiş hissəsindən, azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 şəxs isə cəzadan azad edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 36 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputatın sözlərinə görə, əfvetmə sadə bir mexanizm deyil, bu proses təhlillərə əsaslanır və hər dəfə mümkün qədər daha çox insanı əhatələməsinə çalışılır: “Amma, bilirsiniz ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər, bir qayda olaraq, o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün təhlükəli deyil, onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktınaqədərki araşdırmaların nəticələri də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Azərbaycan dövləti bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma qanunlar var, cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir”.

Deputat vurğulayıb ki, bütün bunların fonunda bu böyük humanizm aktı barədə neqativ düşüncə formalaşdırmaq cəhdləri ən azı o 213 ailəyə hörmətsizlikdir: “Eyni zamanda əfvi Amnistiya Aktı ilə müqayisə edib, niyə amnistiyadan daha az insanı əhatə etməsi barədə iddialar sadəcə savadsız populizmdir. Ən azı ona görə ki, əfv fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Prezident tərəfindən, Amnistiya Aktı isə fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Milli Məclis tərəfindən qəbul edilir. Yəni əfv zamanı hər bir şəxsə fərdi yanaşılır, amnistiya zamanı isə şəxslər yox, əməllər önə çəkilir. Məsələn, Cinayət Məcəlləsinin hər hansı bir maddəsi ilə məhkum edilən hər kəs azadlığa çıxır. Təbii ki, amnistiya və əfv arasında müqayisə aparıb “niyə az adamı əhatə etdi?” demək gülüncdür. Bir daha demək istəyirəm ki, cənab Prezidentin dünən imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli yorumları bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər