Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda qətl törətməkdə təqsirləndirilən İntizam Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2021-ci il iyul ayının 14-də Şəmkir rayonu Şiştəpə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şəmkir rayon sakini, 1976-cı il təvəllüdlü İ.Hüseynov şəxsi münasibətlər zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Mahizər Hüseynovanı və qayınanası, 1963-cü il təvəllüdlü Sədaqət İbadullayevanı bıçaqlayıb.
Nəticədə qayınanası xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
İstintaqla zərərçəkmişin kürəkəni İ.Hüseynovun aralarında yaranan mübahisə zamanı xəncərlə xəsarət yetirərək qayınanası S.İbadullayevanı qızının gözləri qarşısında qəsdən öldürməsinə, arvadı M.Hüseynovanı, qohumu Elnarə Cəbrayıllını və azyaşlı Qərib İbadullayevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İntizam Hüseynova CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.1 və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.
Kamal Məmmədov