Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Sürücülük vəsiqəsinin satılmasına vətəndaş özü şərait yaradır”

990
Paylaş:
Deputat: “Sürücülük vəsiqəsinin satılmasına vətəndaş özü şərait yaradır”

“Dövlət Yol Polisinin fəaliyyətini qənaətbəxş hesab edirəm. Yol polisi mühafizəmizi təmin edir, yol hərəkəti qaydalarını nizamlayır, bu sahədə vətəndaşlara müəyyən istiqamətlər verir. Biz də onlara dəstək olmalıyıq. Müəyyən şəxslər polislərimizin fəaliyyətinə müxtəlif istiqamətlərdən yanaşır, çox ciddi tənqid edirlər. Hətta təhqirə də keçirlər, bu, yolverilməzdir. Vətəndaşlar yol polisləri ilə əlaqəli işləməli, nizam-intizamı pozmamalıdırlar. İyirmi iki ildir, deputatam, ömrümün xeyli hissəsi yollarda keçib, səfərlərə getmişəm. Azərbaycanda hələ bir dəfə də olsun, yol polisinin mənə qarşı kobud hərəkətini görməmişəm. Yanımda oğlum, qohumum, istərsə də sürücüm olsun, yol hərəkəti qaydasını pozmamağı tapşırıram. Bəzən onlar qaydaları pozublar, mən də tərəfdarı olmuşam ki, cərimələnsinlər. Hətta oğlumla yol gedəndə müəyyən radarları keçərkən sürəti artırdığı üçün xəbərdarlıq etmişəm. Axı belə olmaz. Yol polisi maşını saxlayanda məni tanıyıb, istəyib ki, cərimə sənədi yazılmasın, mən isə icazə verməmişəm. Xahiş etmişəm ki, oğluma cəriməsi nədirsə, onu tətbiq etsinlər. Ağlı başına gəlsin ki, yol hərəkətini pozmaq olmaz. Ancaq indi elə adamlar var, ya dayısından, ya əmisindən, ya da vəzifəsindən istifadə edir, polislərə qarşı kobud davranırlar. Söz-söhbət olanda da polisi günahlandırırlar...”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat sürücülük vəsiqələrinin verilməsi prosesində nöqsanlar olduğunu iddia edənlərə də cavab: “Sürücülük vəsiqəsini satmırlar, alanlar buna yol verirlər. Nə ehtiyac var? Vətəndaş öz canının qədrini bilirsə, rüşvətlə sürücülük vəsiqəsi almamalıdır. Ağıllı adam heç vaxt buna getməməlidir. Get öyrən, 3-6 aylıq kursa get, təcrübə qazan, sonra vəsiqə al. Başqası üçün təhlükə yaratma. Təəssüf ki, indi bir çoxu adını yalandan yazdırır, gedib müəyyən işbazlarla əlaqəyə girib vəsiqəni alırlar, nəticədə yol qəzaları baş verir. Vətəndaşın öz şüurunda dəyişiklik olmalıdır. Sürücülük vəsiqəsinin satılmasına elə vətəndaş özü şərait yaradır. Yalvarmasa, saxta yollara əl atmasa, əlbəttə ki, verməzlər. Bizdə belədir, bir-birimizin müəyyən xahişlərinə baxırıq, vəzifə səlahiyyətlərindən, bəziləri qohumbazlıqdan istifadə edib bu addımı atır. Əslində heç kim buna şərait yaratmamalıdır”.

T.Rzayev bildirib ki, elə “zerkalni” dövlət qeydiyyat nişanları var, 30-40 minə alırlar: “Bu kimə lazımdır? Dörd 3, ya 2 rəqəmi yanaşı oldu, bununla sənin ağlın artır, ya hörmətin? Niyə bir nömrəyə bu qədər pul verirsən? Elə telefon nömrələri var, satışa çıxarıb deyirlər ki, bunu 2-3 minə satıram, ancaq 20 min qiyməti var. Başa düşə bilmirəm ki, bu nə deməkdir? İnsan özünü kimə göstərir, nədən ötrü göstərir? Düşüncədən çox şey asılıdır. Nömrəyə verilən 20-30 min manatı müxtəlif faydalı sahələrə yönəltmək olar. Məsələn, hansısa xeyriyyə tədbirlərinə istifadə edib camaat arasında hörmət qazana bilərsən. Elə adam var, deyirsən ki, hansısa kasıba kömək et, deyir imkanım yoxdur. Amma görürsən ki, gedib nömrəyə 40-50 min manat verir. Vasitəçilik edənləri də qınamıram. Düzdür, onlar da bununla saxta yollara, cinayətə gedirlər. Amma insanın özü ailəsi, gələcəyi, büdcəsi haqqında fikirləşməlidir”.

Deputat Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun uzun illərdir vəzifədə qalmasına da münasibət bildirib: “Ramiz Zeynalovu çox yaxşı polis işçisi, general kimi tanıyıram. Bir neçə dəfə müəyyən məsələlərdə Ramiz müəllimə müraciət etmişəm. Çünki bəzi hallarda insanların hüquqları  pozulur, düzgün olmayan cərimələr yazılır, texniki nasazlıqdan hardasa qəza baş verir. Deputat həmkarlarımdan da Ramiz Zeynalov barəsində müsbət fikirlər eşitmişəm. O, yerində olan, öz vəzifəsini qiymətləndirən adamdır. Həm də bir polis kimi insanlara dəyər verən, onların qeydinə qalan insandır. Daim istəyir ki, bu sahədə əsaslı dönüş olsun. Yol polisinin də xidmətləri hər birimizə məlumdur. Düzdür, bu, elə bir sahədir ki, nöqsansız ola  bilməz. Bir polis gündə yüz nəfərlə qarşılaşır. Bu yüz adamın hər birinin ayrı-ayrı xüsusiyyəti, psixologiyası var. Onlarla danışıb dil tapmaq çox çətindir. Ona görə də bu sahədə işləmək çətin və mürəkkəbdir. Burada bacarıq tələb olunur. Ramiz Zeynalovu həmişə bacarıqlı, öz işinin öhdəsindən gələn, ədaləti öndə tutan insan kimi görmüşəm. Bu gün də görürəm. Onun uzun müddətdir bu sahədə işləməsi məhz sadaladığım xüsusiyyətlərinə görədir. Bəzən deyirlər ki, gənclərə yer verək. Biz də gənclərin irəli getməsinin tərəfdarıyıq. Ancaq Prezident İlham Əliyev bildirir ki, gənclərə etimad göstərməklə bərabər yaşlıların təcrübəsindən bəhrələnmək, onlara istinad etmək  lazımdır. Bu təcrübə tətbiq olunmalıdır. Çünki yaşlı nəsil nəzəri biliklərlə bərabər, həm də həyati təcrübə qazanıb. Ramiz müəllim də uzun zamandır, sistemdə işləyir, yüz minlərlə insanla ünsiyyətdə olub. Çox ciddi porblemlərlə qarşılaşıb. Əgər bunun öhdəsindən gəlibsə, düşünürəm, Ramiz Zeynalovun hələ uzun müddət öz vəzifəsində işləməyə haqqı var”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər