"Onlarla məhbusu ailəsinə və cəmiyyətə qovuşduran növbəti əfv sərəncamını alqışlayıram. Bu sırada dəyərli dostumuz Saleh Rüstəmlinin azad edilməsindən dolayı sevincimi də sizinlə bölüşürəm. Onun ailəsinə, qohumlarına və dostlarına gözaydınlığı verirəm. Ötən ilin dekabrından vətəndaş cəmiyyəti nümayəndələrinin müraciəti əsasında Saleh bəyin Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisəsində keçirdiyi aclıq aksiyasına görə sağlamlığında yaranan problemlərlə məşğul olmaq üçün hökumətə müraciət edildi. Ədliyyə Nazirliyinin Tibb İdarəsinin həkimləri ilə birgə Saleh bəyi birgə müayinədən keçirdik və səhhətinin bərpası üçün hər cür dəstək müalicəsi başlandı. Əfv olunan müddətə qədər mətbuatda işıqlandırmasam da, dəfələrlə Cəzaçəkmə müəssisəsinə getmiş və Saleh bəyin sağlamlıq durumunu nəzarət altında saxlamışam. Bu işdə Penitensiar xidmətin və cəzaçəkmə müəssisəsinin rəhbərliyi, həkimləri mənə lazım olan bütün imkanları yaratdıqlarına görə onlara da şəxsən münnətdarlığımı bildirməyi özümə borc bilirəm. Saleh bəy azadlıqdadır, artıq onu müalicə müəssisəsindən götürüb evinə apardım. Bir məsələni nəzərə almanızı xahiş edirəm: Saleh bəy Rusiya vətəndaşıdır və onun xarici pasportunun müddəti 2020-ci ilin iyulun 7-də bitib. Hazırda lazımı sənədləri hazırlamaq üçün bütün yardımlar olunur. Rusiya Federasiyasının Miqrasiya qanununun tələblərinə əsasən o, qısa müddətdə ölkəni tərk etməli və Rusiya Federasiyasının yeni pasportunu almalıdır".
Pravda.az-ın xəbərinə görə, bunu həkim Adil Qeybulla bildirib.