May ayının 27-də Vətən müharibəsi zamanı azad edilən ərazilərdə aparılan geniş bərpa-quruculuq işlərinin ilk sevincini yaşadıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi.
Azərbaycanın Müstəqillik Gününün 104-cü ili ərəfəsində keçirilən bu xoş mərasim zamanı olkə rəhbəri və birinci xanım Ağalı kənd meydanında işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi, daha sonra isə “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərdiyi Dövlət Xidmətləri Mərkəzi ilə tanış olub, həm də Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektlərinə baxıb, “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış oldular.
Prezident İlham Əliyev Ağalı kəndinin sakinləri ilə görüşü zamanı bir sıra məqamlara toxunub. Qeyd edilib ki, artıq “Böyük qayıdış” deyilən prosesə start verilib. Azad edilən ərazilərdə bərpa-quruculuq işləri surətlə davam edir. Birinci pilot layihənin icra edildiyi Zəngilanın Ağalı kəndində bir il ərzində 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilməsi və əlavə olaraq daha 150 iki və üç mərtəbəli evlərin inşa edilməsi nəzərdə tutulub.