“ABŞ prezidenti Co Baydenin son Asiya turnesi – Cənubi Koreyaya və Yaponiyaya səfəri 3 mövzu ətrafında fokuslaşmışdı: Rusiyanın Ukraynada apardığı işğalçı müharibəyə qarşı bölgə ölkələrinin birliyini möhkəmləndirmək, Şimali Koreyanın nüvə hədəsinin qarşının alınmasını təmin etmək və Çinin bölgədə artan hərbi gücünü cilovlamaq, o cümlədən Tayvan adasının Pekinin nəzarətinə keçməsini önləmək. Baydenin Tokioda keçirdiyi dördlü sammit (ABŞ, Yaponiya, Hindistan və Avstraliya) də Çinin bölgədə artan hərbi gücünün neytrallaşdırılması yollarının müzakirəsinə həsr olunmuşdu. Aydındır ki, hadisələrin bu istiqamətdə gedişatı Pekini narahat etməyə bilməz. Çin lideri Si Cinpin Asiya və Sakit okean bölgəsi ölkələrinə müraciət edərək bu dövlətlərin bölgədəki sülhə məsuliyyət daşıdıqlarını bildirib. Si Cinpin yazılı müraciətini ölkəsi də daxil olmaqla bölgənin ada ölkələrinin xarici işlər nazirlərinin ikinci zirvə görüşünə göndərib. “Bölgədə sülhün təmin olunması ümumi vəzifəmizdir” deyən Çin lideri ölkəsinin əsas strateji hədəflərindən birinin Asiya və Sakit okean ölkələri ilə tərəfdaşlığı genişləndirmək olduğunu və bunun qarşılıqlı hörmətə dayandığını ifadə edib. Si Cinpin deyib ki, Çin bərabərhüquqlu tərəfdaşlıq ideyasını müdafiə edərkən ölkələrin böyüklülüyüni və kiçikliyini əsas götürmür: “Çin ada dövlətlərinin əsas dostudur”. Beləliklə, Pekin ABŞ-Yaponiya-Hindistan-Avstraliya formatına qarşı özünün tərəfdaş qrupunu formalaşdırmaq istəyir”.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.