Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Qonşulara qarşı həmişə qeyri-adekvat davranan Ermənistan belə şəraitdə özünü narahat hiss edəcək”

960
Paylaş:
Deputat: “Qonşulara qarşı həmişə qeyri-adekvat davranan Ermənistan belə şəraitdə özünü  narahat hiss edəcək”

“XXI əsr texnologiyalar əsridir. Həyat fəaliyyətinin bütün sahələrində tətbiq olunacaq ən müasir texnologiyaların nümayiş etdirildiyi “TEXNOFEST”də həm də hərbi təyinatlı texnikalar sərgilənirdi. İki qardaş ölkənin hərbi gücünün nümayişi, ümumilikdə Cənubi Qafqaz regionunun təhlükəsizlik məsələsi baxımından çox əhəmiyyətlidir. Yerləşdiyimiz regionun mürəkkəbliyini əsaslandırmaq üçün əlavə arqumentlərə ehtiyac yoxdur. Cənubi Qafqazda kəskin toqquşan maraqlar fonunda dövlətin müstəqilliyini qoruyub saxlamaq, suverenliyini daha da möhkəmləndirmək, milli maraqları etibarlı təmin etmək, qorumaq üçün həmişə üstün gücə ehtiyac var. Cənab Prezident İlham Əliyev də dəfələrlə qeyd edib ki, güc amili əhəmiyyətini saxlamaqdadır. Azərbaycan güclüdür və daha da güclənərək tam müstəqil siyasət yürüdən ölkədir. Bu istiqamətdə Azərbaycan-Türkiyə birliyi gücü daha da artırır, regionda cərəyan edən proseslərə təsir imkanımızı təmin edir. Müvafiq olaraq, milli maraqlarımızın etibarlı qorunması imkanlarını genişləndirir. Bu baxımdan, “TEXNOFEST” dünyanın diqqətini cəlb etməklə növbəti təsirli subliminal mesaj funksiyasını yerinə yetirdi”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir oğlu deyib.

E.Mirbəşir oğlunun sözlərinə görə, qonşulara qarşı həmişə qeyri-adekvat davranan Ermənistan belə şəraitdə özünü  narahat hiss edəcək, çünki Ermənistanın müstəqil milli maraqları mövcud deyil: “Ermənistan həmişə alət rolunda istifadə olunub. Bu gün də Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirmək üçün istifadə olunan bir alətdir. Nə vaxtda qədər ki, Ermənistan qonuşlarla konstruktiv münasibətlər qurmayıb, qonşularına qarşı ərazi iddialarından əl çəkməyib, təxribatlara meyillidir, hər zaman özünü regionda kənarda qalmış hiss edəcək və bu, çox doğrudur. Azərbaycan Ermənistanın da yararlana biləcəyi, nəhayət, ağır sosial, iqtisadi vəziyyətini düzəltmə imkanı qazana biləcəyi yeni reallıqlar formalaşdırdı. Ermənistan isə əksinə, bu şəraitdən yararlanaraq normal inkişaf yolunu tutmaqdansa, yenə də kənar dairələrin, xüsusilə Qərb bəlli dairələrinin aləti rolunda çıxış etməklə regiondakı konstruktiv proseslərə əngəl olmağa, münaqişə vəziyyəti yaratmağa çalışır. Təbii ki, belə olan halda, Ermənistan həmişə cəzalandırılacaq. Prezident İlham Əliyev açıq mətnlə qeyd etdi ki, həmişə hərbi yolla təhlükəsizliyimizi təmin etməyə hazırıq. Bunu Ermənistan da dərk edir, artıq görüb. Bu baxımdan hesab edirəm ki, Ermənistan rəhbərliyində sağlam düşünmə qabiliyyəti hələ də qalıbsa, bu şəraitin imkanlarından yararlana bilmək üçün regiondakı yeni reallıqların ruhuna uyğun davranmalı, mövqe nümayiş etdirməlidir. Əks halda, Ermənistan küncə sıxışdırılacaq”.

Deputat qeyd edib ki, “TEXNOFEST”in Bakıda yüksək səviyyədə təşkil edilməsi hər şeydən öncə Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının təcəssümü idi: “Cənab Prezidentin də qeyd etdiyi kimi, bu, dünya üçün də növbəti mesajdır. Azərbaycan və Türkiyə bir-birinin yanındadır. Bu dostluq, qardaşlıq sarsılmazdır. İki qardaş ölkə ən yüksək diplomatik münasibətləri qurmaqla bərabər, geniş əməkdaşlıq sistemini də yaratmağı bacarıb. Münasibətlərimiz sözün, əsl mənasında, beynəlxalq münasibətlərin hazırki mürəkkəb şəraitində örnək rolunda çıxış edir. Dünyada Azərbaycan-Türkiyə qədər səmimi dostluq, qardaşlıq münasibətlərinə malik iki ölkə tapmaq çətindir. Ötən il bu münasibətlər rəsmi müttəfiqlik xarakteri almış oldu. Həmin ana kimi Türkiyə ilə münasibətlərdə yaxın müttəfiqlik elementləri mövcud idi. Şuşa Bəyannaməsinin imzalanması ilə bu münasibətlər rəsmiləşmiş oldu. Prezident Rəcəb Tayyib Ərdoğanın bu bəyannaməyə istinad edərək Azərbaycan-Türkiyə münasibətlərinin xarakterini bir daha ifadə etməsi, eyni zamanda çıxışına bədiilik qataraq Bəxtiyar Vahabzadənin iki ölkənin qardaşlığını tərənnüm edən şeirini səsləndirməsi münasibətlərimizin mahiyyətini həqiqi mənada ortaya qoymuş oldu”.

Aytəkin Qardaşova

Paylaş:

Ən son xəbərlər