Milli Məclisin deputatı Cavid Osmanov Oxu.Az-ın suallarını cavablandırıb. Cavid Osmanovla müsahibəni təqdim edirik.
- Parlamentin 2022-ci il üçün yaz sessiyasının qısa dəyərləndirməsini aparmağı rica edirəm. Milli Məclis qarşıda duran vəzifələrini yerinə yetirə bildimi?
- Milli Məclis çox mühüm qanun layihələrinin qəbulunda iştirak edir. Azərbaycan parlamenti beynəlxalq münasibətlər sistemində parlament diplomatiyası sferasında nümunə ortaya qoyur. Altıncı çağırış Milli Məclisin fəaliyyəti pandemiya dövrünə təsadüf etsə də, insanlarla təmaslar davam etdirildi və Milli Məclisin tribunasında məsələlər qaldırıldı. Sizin suala gəlincə, deyə bilərəm ki, parlament yaz sessiyasında çox mühüm addımlar atdı – üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdi.
- Qanunvericiliklə Milli Məclisin üzərinə qoyulan vəzifələr var. Nazirlər Kabinetinin hesabatının dinlənilməsi, büdcə sənədlərinin qəbul edilməsi və sair bura daxildir. Bu illər ərzində bir dəfə də görmədik ki, Milli Məclis hökumətin hesabatına və ya büdcə layihələrinə əsaslı və ciddi etiraz etsin. Bu, həmin sənədlərin mükəmməl hazırlanmasındanmı irəli gəlir, yoxsa, Milli Məclisin deputatlarının əksəriyyəti YAP-çı olduğu üçün tənqid etməkdən çəkinir?
- Milli Məclisin istər komitə, istərsə də plenar iclaslarında görürük ki, deputatlar arasında fikir ayrılığı yaranır, qanun layihələrinə, hesabatlara qarşı çıxan həmkarlarımız olur...
- İzin verin, sözünüzü kəsim, mən heç də demirəm ki, hansısa deputat tənqid etmir, məhz Milli Məclisin öz obrazını qeyd edirəm. Buyurun.
- Siz Yeni Azərbaycan Partiyasını təmsil edən deputatları dediniz, amma onların içərisində də tənqidi fikirlər səsləndirənlər var. Parlamentdə bütün deputatlara bərabər şərait yaradılır ki, onlar fikirlərini söyləsinlər. Nazirlər Kabinetinin hesabatı və ya büdcə layihələri ilə bağlı da kifayət qədər tənqidi fikirlər söylənilir.
- Deputatın görünən və görünməyən fəaliyyəti var. Amma sizin görünən obrazınız budur ki, tənqid səsləndirən deputat kimi yadda qalmamısınız. Niyə parlamentdə sizin tənqidi mövqeyiniz görünmür?
- Mən seçicilərimin hər hansı bir müraciəti və ya şikayəti ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışam. Bu, mənim fəaliyyətimin siz dediyiniz kimi görünməyən tərəfidir. Söhbət problemlərin müsbət həllindən gedirsə, onun yolunu millət vəkili özü təyin edir. Ya məsələni parlamentdə qaldırır, ya da fərdi qaydada görüş keçirib məsələnin həllinə kömək edir. Amma mən eyni zamanda seçicilərimi narahat edən bəzi məsələləri də parlament iclaslarında səsləndirirəm.
- Milli Məclisin iclaslarındakı tənqidlərinizin nüvəsi müxalifətə və 1992-1993-cü ildəki AXC-Müsavat hakimiyyətinə qarşıdır. Buna səbəb nədir?
- Mən konkret olaraq müxalifətin üzərinə düşmürəm. Hər bir cəmiyyətdə sağlam müxalifətin olması inkişafa təkan verir. Mənim mübarizəm radikal və dağıdıcı müxalifətə qarşıdır. İndi radikal müxalifətdə olanların çoxu 1992-1993-cü ildə hakimiyyətdə təmsil olunanlardır. Qərbdə yerləşən fondların təsiri altında, onların qrantları ilə fəaliyyət göstərən təşkilatlar var. Adlarını isə müxtəlif cür təqdim edirlər – gah biri özünə ictimai fəal deyir, gah da Milli Şura deyir. Mən YAP İdarə Heyətinin üzvü kimi müstəqilliyimizin köklərinə zərbə vurmaq istəyən, ermənipərəst təşkilatlarla əlbir olaraq Azərbaycan əleyhinə fəaliyyət göstərən müxalifətə qarşıyam. Xaricdə də belələri var. Onlar milli dəyərlərə, dövlətə qarşı çıxırlar.
- 1992-1993-cü illər həssas, mürəkkəb dövr idi. AXC-Müsavat cütlüyü həmin illərdə hakimiyyətdə olub. Sizin həmin dövrün üstünə getməyiniz hansı səbəbdən qaynaqlanır?
- Mən səhv etdiyimi düşünmürəm. Qoy gələcək Azərbaycan gəncliyi də yaxşı bilsin ki, bu gün ağızlarına çullu dovşan sığmayan adamlar 1992-1993-cü illərdə hakimiyyətdə olanlardır. Həmin hakimiyyətin bəzi üzvləri xəyanətkardırlar. Onlar bu gün də xəyanət yolunu tutublar. Onların xəyanəti cəmiyyətə, dövlətə, suverenliyə, müstəqilliyə qarşıdır. Onları danışdıranlar, onlara tezis verən mərkəzlər var.
- Sizin əlinizdə bir fakt varmı ki, onları kimsə danışdırır? Bəlkə insanın düşüncəsi odur?
- Mən hüquq-mühafizə orqanlarında çalışmıram. Millət vəkili kimi öz araşdırmalarımla bu qənaətə gəlirəm. Bu mövzunu xüsusi araşdırmağa da ehtiyac yoxdur, hamısı göz qabağında baş verən hadisələrdir. Əlbəttə ki, onlar aydın şəkildə hər şeyi nümayiş etdirirlər. Hüquq-mühafizə orqanları da onların əməlləri barədə məlumatlar açıqlayır.