1918-ci il may ayının 28-də öz müstəqilliyini elan etmiş Şərqdə ilk Demokratik Respublika olan Azərbaycan Xalq Cumhuriyyəti cəmi 23 ay yaşadı. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı öz müstəqil dövlətində azad yaşayır.
Ötən bu 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Azərbaycanın müstəqilliyini tanıyan da məhz qardaş Türkiyə olub. Bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc, ruh və inam verdi. Tariximizin ən önəmli anlarında biz bir yerdə olduq. Bu gün ölkələrimiz arasında müttəfiqlik özünü hər yerdə – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı.
Azərbaycanla Türkiyənin birgə keçirdiyi növbəti beynəlxalq tədbir mayın 28-də Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, qardaş ölkələrin birinci xanımları, həmçinin dünyaşöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı Selçuk Bayraktar Bakıda ilk dəfə keçirilən bu festivalda iştirak ediblər.