Milli Məclisin bu gün keçirilən plenar iclasında iki nəfərin Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinə üzvlüyü təsdiq olunub.
Pravda.az-ın məlumatına görə, bunlar Rəşad Temraz oğlu Orucov və Əliyar Qəhrəman oğlu Məmmədyarovdur.
R.Orucov 1978-ci ildə Bakıda anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2000-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə magistr dərəcəsi və fərqlənmə diplomu ilə bitirib.
O, əmək fəaliyyətinə 1998-ci ildə Səhmdar Kommersiya Aqrar Sənaye Bankında baş mütəxəssis vəzifəsində başlayıb, 2000-2004-cü illərdə AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentində baş iqtisadçı, 2004-2006-cı departamentin IT və ödəniş sistemlərinin fəaliyyətinə nəzarət şöbəsinin rəisi, 2006-2008-ci illərdə departamentin Xarici nəzarət şöbəsinin rəisi, 2008-2011-ci illərdə departamentin direktoru vəzifələrində çalışıb, 2011-ci ilin iyun ayından indiyə kimi Mərkəzi Bankın Baş direktoru olub. Orucov 2019-cu ilin sentyabr ayında Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.