“Azərbaycanla Ermənistan arasında delimitasiya üzrə Komissiyanın ilk görüşünün önəmi sərhəddə keçirilməsidir. Növbəti görüş Moskva, sonradan Brüsseldə keçiriləcək. Sülh prosesi istiqamətində mühüm addımlar atılır. Danışıqlar gedir, bu, gec-tez həm delimitasiya və demarkasiya, həm də sülh sazişi üçün müsbət nəticəsini verəcəyinə dair inam yaradır. Ermənistan tərəfindən atəşkəsin pozulması yenə olacaq. Yenə razılıq əldə ediləcək... Bu səbəbdən delimitasiya və demarkasiya məsələsi həllini tapmalıdır. O zaman sərhədi daha çox nəzarət altına almaq mümkün olacaq. Sülh sazişi Azərbaycanla Ermənistan arasında legitimlik yaradacaq”.
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O bildirib ki, sülh sazişi ilə iki ölkə arasında diplomatik əlaqələr qurulmalıdır: “Ermənistanla Azərbaycan arasında siyasətdən başqa, diplomatik əlaqələr də olmalıdır. Düzdür, çətin məsələdir. Həm Ermənistan, həm Azərbaycan ictimaiyyətində suallar çox, inam azdır. Lakin başqa yolumuz yoxdur. O ki qaldı ermənilərin status tələbinə... Məsələn, Quba, Lənkəran və s. rayonlar necədirsə, Qarabağ da o cür olacaq, qurtardı getdi”.