“Şəhərdə və bölgələrdə əksər insanlar yas mərasimlərini çadır quraraq deyil, mərasim evlərində keçirilər. Ola bilər, bəzi bölgələrdə yas çadırları qurulur, amma son vaxtlar Bakıda belə bir hal müşahidə etməmişəm. Əvvəllər yolları bağlayaraq şəhərin mərkəzində, ayrı-ayrı küçələrdə çadırlar qurub, yas mərasimləri keçirərdilər. İnsanlar indi də çadır quraraq yas mərasimi keçirirlərsə, bunu insanların gedişi-gəlişinə mane olmayacaq formada etmək lazımdır. Çalışmaq lazımdır ki, çadırlar insanların hərəkətinə mane olacaq şəkildə qurulmasın”.
Bunu Pravda.az-z Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, yas mərasimlərinə aid narahatlıq doğuran daha önəmli məsələ burada israf hallarının olmasıdır: “Biz hazırda yas mərasimlərinin təmtəraqla, çoxlu sayda insanın iştirakı ilə keçirilməsinin şahidi oluruq. Dinimizdə qeyd olunur ki, bir insan dünyasını dəyişdikdən sonra ona üç gün yas saxlanmalıdır, amma təəssüf ki, insanlar dünyasını dəyişən adamın yeddisini, qırxını, cümə axşamlarını da qeyd edirlər. Bir çox hallarda da bu çoxlu sayda vəsaitin xərclənməsinə səbəb olur. Məsələn, bir insan dünyasını dəyişir və özündən sonra müəyyən məbləğ qoyur və o məbləğ də yasa ödənilir. Biz yas mərasimlərinin icrasına, formasına baxıb buradakı israf hallarını, paralel olaraq da şəhərdə çadırların qurulması kimi hallar varsa, aradan qaldırmalıyıq. Amma qeyd etdiyim kimi, indiki vəziyyətdə çadırlar qurularkən müəyyən tələbləri nəzərə almaq lazımdır ki, insanlara maneə törətməsin”.
Leyla