“Uzun müddətdir mətbuatda da, sosial şəbəkələrdə də “uşaqpulu” ilə bağlı müzakirələr gedir. Sözsüz ki, dövlətimiz gücləndikcə, kiçik bir irəliləyişi, uğuru əhalinin rifahına, sosial müdafiəsinə həsr edir. Cənab Prezident bütün çıxışlarında bildirir ki, dövlətin prioritet məsələsi sosial problemdir, sosial müdafiənin gücləndirilməsidir. Bu günə qədər sosial istiqamətdə xeyli işlər görülüb. Hələ Vətən Müharibəsi başlamamışdan öncə parlamentin bütün müzakirələrində, eləcə də müvafiq hökumət orqanlarında “uşaqpulu” məsələsi müzakirə olunub. Azərbaycan ailələrinə “uşaqpulu” verilməsi ilə bağlı müsbət fikirlər də səslənir. Bununla bağlı dövlətimizin qarşıdakı proqnozları, prioritetləri də müəyyənləşdirilib. Təəssüf ki, tarix elə gətirdi, koronavirus pandemiyası başladıqdan sonra Azərbaycanda gözlənilmədən müharibə də başladı. Yaralar, itkilər, sosial problemlər... Bütün bunlar dövlətin qarşısında qoyduğu bəzi hədəfləri dəyişmək məcburiyyəti yaratdı”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahim qızı deyib.