Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

“Çoxlarımız Azərbaycana vətən kimi yox, yem yeri kimi baxırıq”

876
Paylaş:
“Çoxlarımız Azərbaycana vətən kimi yox, yem yeri kimi baxırıq”

“1 İyun - Beynəlxalq Uşaqlar günü münasibətilə bütün balaları təbrik edirəm. Sizə can sağlığı, valideyn, nənə, baba nəvazişi, ədalətli cəmiyyət, xoş gələcək arzulayıram. Ancaq bu gün daha vacib məsələnin üzərində dayanıb Sizdən üzr istəyirəm”.

Pravda.az xəbər verir ki, bunu tanınmış vəkil Aslan İsmayılov deyib.

“Üzr istəyirəm ona görə ki, yaşıdlarımla birgə Sizə rüşvətxor, pula həris, ətrafına, gələcəyinə biganə, ədalətsiz, acgöz məmurlarla dolu, səmimi, ədalətli, savadlı, mədəni, abırlı, təvəzökar insanların “fərsiz” sayılıb ehtiyac işində yaşadığı, saxta, həyasız, kobud, acgöz, yaltaq, çoxüzlü insanların “bacarıqlı” sayılıb öndə getdiyi cəmiyyət saxlayırıq. Üzr istəyirəm ona görə ki, Sizin istirahət etməli parklarınızı, oynamalı olduğunuz stadionları, gəzməli meşələrinizi dağıdıb yerində obyektlər tikirik. Özümüzün heç nə etmədiyimiz bir yana, təbiətin Sizə verdiyi ağacları, meşələri qırırıq, suları zəhərləyirik, Xəzəri üzünüzə bağlayırıq. Üzr istəyirəm ona görə ki, uşaqlıqdan Sizə mehribançılıq, səmimilik, təvəzökarlıq, dürüstlük, gözütoxluq yox, həyasızlıq, kobudluq, acgözlük, dələduzluq, saxtalıq nümunəsi göstəririk. Üzr istəyirəm ona görə ki, Sizə Vətəndə gəzməyi, yaşamağı yox, ölməyi arzulayırıq və hər dəfə “gəzməyə qürbət ölkə, ölməyə Vətən yaxşıdır” kimi anlaşılması çətin olan atalar sözünü misal çəkirik. Üzr istəyirəm ona görə ki, çoxlarımız Azərbaycana Vətən kimi yox, yem yeri kimi baxırıq, ona görə də çoxlarınız imkan olan kimi Vətəni tərk etməyə çalışırsınız. Sonda isə Sizə onu arzu edirəm ki, mən yaşa çatanda balalarınızdan, nəvələrinizdən məni kimi üzr istəməyəsiniz. Sizə də balanız yuxarıda qeyd etdiyim atalar sözünə cavab olaraq mənə dediyi “ata, mən Vətəndə ölmək yox, yaşamaq istəyirəm” sözlərini deməsin” – A.İsmayılov əlavə edib.

Kənan

Paylaş:

Ən son xəbərlər