Bakı Apellyasiya Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat vermədə təqsirləndirilən Akif Məmmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: 2021-ci il oktyabrın 29-da naməlum şəxs Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi”nə zəng edərək Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yerləşən 181 saylı orta məktəbin damına bomba qoyulması barədə məlumat verib.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, lakin fakt təsdiqini tapmayıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.
Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən P.Məmmədov elan edilən ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, 2021-ci il oktyabrın 29-u saat 11:57 radələrində “Mərdəkan Stansiyası” adlanan ərazidə avtobus dayanacağında olan zaman iki cavan oğlanın bir-biri ilə söhbət edərkən 181 saylı məktəbin damına bomba qoyulduğunu deyib: “Mən bunu eşitdən kimi dərhal yaxınlıqdakı taksofondan DİN-in “102 - Zəng Mərkəzi”nə zəng etdim. Məlumatı qəbul edən qadına öz ad və soyadımı da bildirdim. Yaşayışımdan narazıyam. Dəfələrlə məhkum olunmuşam, məhkumluq həyatına öyrənmişəm. Özümə bir məşğuliyyət tapa bilmədiyim üçün dolanışığımı da təmin edə bilmirdim. Mənə himayədarlıq edən kimsə də yoxdur. Ona görə də yenidən cəzaçəkmə müəssisəsinə qayıtmaq fikrinə düşdüm. Bu səbəbdən də DİN-in “102 - Zəng Mərkəzi”nə zəng etdim”.
Kamal Məmmədov