“Quru sərhədlərin hələ də bağlı qalması anlaşılan deyil və heç bir məntiqli izahı yoxdur. Pandemiya artıq bitmiş sayıldığına görə bütün dünya ölkələri quru sərhədləri açıblar. Bizdə isə hələ də bununla bağlı heç bir rəsmi açıqlama yoxdur. İndiyə qədər bu sərhədlərin açılmaması ölkəyə, eyni zamanda vətəndaşlarımıza çox böyük zərbə vurur.”
Bunu Pravda.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
E.Bayramlı qeyd edib ki, quru sərhədlərin hələ də bağlı olması səbəbindən xarici və qonşu ölkələrdə yaşayan soydaşlarımızın əksəriyyəti ölkəyə gələ bilmir: “Gələ bilənlər də əlli qat artıq xərcə düşürlər. Məsələn, insanlar Tbilisidən, Dərbənddən daha ucuz qiymətə gələ bildiyi halda indi məcburdurlar ki, bir nəfər üçün 300-500 manata qədər xərc çəksinlər. Bu, sadəcə, bir nəfər üçün nəzərdə tutulmuş qiymətlərdir. 4-5 nəfərlik ailənin gələcəyi təqdirdə isə bu artıq daha böyük bir maliyyə vəsaitinin tələb olunması anlamına gəlir. Sərhədlərin bağlı qalması digər tərəfdən turizm sektoruna da zərərsiz ötüşmür. Gürcüstan və digər qonşu ölkələr artıq çoxlu sayda turist qəbul etməyə başlayıblar. Belə bir vəziyyətdə isə təbii ki, həm dövlət, həm əhali külli miqdarda maliyyə vəsaiti əldə edir. Biz isə bütün bu mümkün gəlirləri itiririk. Bu vəziyyətdə qazananın yalnız AZAL-dır. Ümumiyyətlə, o dünyanın ən bahalı və soyğunçu şirkətlərindən biridir və sərnişin daşımasını digər hava nəqliyyatı şirkətlərindən 5-10 dəfə daha baha xidmət göstərərək həyata keçirir. Bundan isə həm dövlətimiz, həm xalqımız, həm də xaricdə yaşayan soydaşlarımız əziyyət çəkir. Ona görə rəsmi aidiyyatı orqanlar buna konkret aydınlıq gətirməlidirlər ki, quru sərhədləri niyə açılmır? Buna səbəb nədir? Heç bir tutarlı səbəb yoxdursa, niyə quru sərhədləri hələ də bağlıdır? Ölkədə müharibə yoxdur, pandemiya bitib, belə olan halda, ümumiyyətlə, sərhədlər niyə bağlı olmalıdır? Bunların heç birini əsaslandıra bilmirlərsə, təcili şəkildə sərhədləri açmalıdırlar.”
Leyla Yusubova