Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboy rayonunda qətl törətməkdə təqsirləndirilən Coşqun Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Roman Ələkbərli sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: 2021-ci il noyabrın 13-ü Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla noyabrın 10-u Yevlax şəhər sakini, 1977-ci il təvəllüdlü Coşqun Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı tanışı, 1968-ci il təvəllüdlü Qədir Ələsgərovu avtomobillə Yevlax şəhərindən Goranboy rayonu Ballıqaya kəndi ərazisinə gətirərək orada onun baş nahiyyəsinə daşla xəsarətlər yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Coşqun Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Xatırlatma: Coşqun Əhmədov taksi fəaliyyəti ilə məşğul olurmuş.
Kamal Məmmədov