“Nə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun, nə də Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevin fəaliyyətini araşdırmışam. Həmin rayonlarda tikinti şirkətlərinin həyata keçirdiyi pilot layihələrlə bağlı yaranan problemdə icra başçılarının rolunun olduğuna şübhə edirəm. Çünki hər iki icra başçısı yeni təyin olunub, problemlərin kökü dərindir, bir neçə il əvvələ gedib çıxır. Bu icra başçılarının qarşısında yeni vəzifələr qoyuldu. Düşünürəm ki, onların bu məsələlərdə rolu yoxdur. Məmurlar problemləri həll etməyə çalışmalıdırlar. Cənab Prezident onlara ciddi etimad göstərib, vəzifəyə qoyub. Onlar da Prezidentin tapşırdığı məqsədlər üzrə mübarizə aparmalıdırlar. Bəlkə də kimlərsə mane olur, təzyiq göstərir, onların üzərində hədə əlini saxlayıb... İcra başçıları çəkinməsinlər, haqq, iman heç vaxt üzülmür. Qorxmaq lazım deyil”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
O bildirib ki, tikinti şirkətlərinin pilot layihələrində problemlər çoxdur: “İndi də müraciətlər daxil olur. Bu məsələləri artıq konspektləşdirməliyəm. Təbii ki, bununla bağlı müəyyən addımlar atılacaq. Çünki dövlətimizi qorumalı, iş yerlərinin azaldılmasının qarşısını almalıyıq. Elə şərait yaratmalıyıq ki, iş adamları yaxşı şəraitdə iş yerləri yaratsınlar. Həm özləri qazansınlar, həm də dövlət büdcəsinə vergi ödəsinlər, amma onların qazancları ayrı-ayrı şəxslərin cibinə getməsin. Ən böyük problem budur. Pilot layihələrlə bağlı ictimailəşdirdiyim şikayətlərdən sonra müxtəlif uzun-uzadı görüşlər, zənglər oldu. Bu məsələlərin həlli üçün müəyyən addımlar da atıldı, indi də bununla bağlı məsələ davam etdirilir. Dövlətin içərisində yaxşı məmurlar da var. Haqqı bilən, dəstək verən məmurlar... Hamı eyni deyil ki... Bu işə canı, qəlbi ilə bağlı insanlar var, kömək etmək istəyirlər. Onlar cənab Prezidentin siyasətinə sadiqdirlər, tapşırıqdan kənara çıxmaq istəmirlər. İnanırlar ki, hər hansı məsələdə mübarizə aparsalar, cənab Prezident onları qoruyacaq. Ona görə qorxmayıb, dəstək olurlar. Belə insanlardan güc almasam, heç nə edə bilmərəm”.
Aytəkin Qardaşova