““İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən hər bir xidmət göstərən cihaz mütləq şəkildə standartlara uyğun olmalıdır və müvafiq standartlaşdırma sertifikatı ilə təmin olunmalıdır. Əgər cihazla bağlı hər hansi texniki nasazlıq və ya texniki səhv qeydə alınarsa, bu halda problem texniki avadanlığı təqdim edən təşkilat, şirkət tərəfindən aradan qaldırılmalıdır.”
Bunu Pravda.az-a açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.
E.Kərimli qeyd edib ki, cihazlardakı hər hansı texniki və yaxud da digər problemlər aradan qaldırılaraq istehlakçıların hüquqları təmin edilməlidir: “Əgər belə problemlər kütləvi hal alırsa, deməli, bu, “Azərişıq” ASC-nin kadr ehtiyatı və texniki xidmət gücü çərçivəsindən çıxır və fiziki olaraq bu məsələnin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən də hesab edirəm ki, qurum bununla bağlı operativ tədbirlər görməlidir və lazım olacağı təqdirdə əlavə ixtisaslaşmış heyət işə cəlb etməlidir. İstənilən halda bu məsələ təcili şəkildə həllini tapmalıdır, çünki burada bilavasitə olaraq istehlakçı hüquqları pozulur. Hər bir istehlakçı bu məsələdə sözsüz ki, “Azərişıq” ASC-yə qarşı məhkəmə iddiası ilə çıxış edib kompensasiya əldə edə bilər, çünki onlar bununla bağlı əlavə problemlər və xərclərlə üzləşib narahatlıq keçirirlər”.
Leyla Yusubova