İşğaldan azad edilmiş ərazilərdə görülən quruculuq işlərinın miqyası və məzmunu bütün dünyanı heyran qoyub. Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi baş tutub. Bu, işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin sürətlə davam etməsinin göstəricisidir. İlk pilot layihə olaraq məhz Zəngilanda 200 evdən ibarət “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq. Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verilib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub.
Milli Məclisin deputatı Elman Nəsirov Pravda.az-a açıqlamasında deyib ki, işğaldan azad olunmuş torpaqlara “Böyük qayıdış”ın başlanması qürurvericidir:

“Artıq Ağalı kəndində 200 ev tikilib. Onların sayının artıq 350-yə çatdırılması planlaşdırılır. Kəndi sakinlərini qəbul etməyə başlayır. Ölkə Prezidenti cənab İlham Əliyev post-müharibə dövrünün həllini gözləyən məsələlər içində birinci prioritet məsələ kimi tarixi “Böyük qayıdış”ı müəyyən edib. Bununla bağlı addımlar atılır və nəticələr göz qabağındadır. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın bu günlərdə Qarabağ səfərləri də bir daha bunu təsdiqlədi. Bu səfərlər çərçivəsində atılmış addımlar, istifadəyə verilmiş obyektlər, onların təməlqoyma mərasiminin keçirilməsi bir daha göstərir ki, tarixi “Böyük qayıdış”ın təmin edilməsi üçün tam münbit şərait yaradılıb. Artıq Horadiz-Ağbənd dərmiyolu çəkilişinin 60%-i yerinə yetirilib. Bu proses hazırda davam edir. Horadizdən Ağbəndə qədər avtomobil yolunun çəkilişi reallaşdırılmaqdadır, işlər sürətlə həyata keçirilir. İnfrastruktur layihələri reallaşdırılır. Bütün bunlar nəticə etibarilə Qarabağ və Şərqi Zəngəzurda keyfiyyətcə fərqli bir həyat başlamalı olduğunu göstərir. İşğalaqədərki dövrdə soydaşlarımızı həmin dövrün tələblərinə uyğun bir həyat sürüblərsə, indi isə yaşıl zona elan edilmiş Qarabağda insanlarımız ən yüksək səviyyədə həyat tərzi ilə təmin ediləcəklər. “Ağıllı kənd” layihəsi də eyni məntiqdən qaynaqlanır. Paralel şəkildə minalardan təmizləmə prosesi gedir. Bu da “Böyük qayıdış”ın təminatı üçün həlledici, əhəmiyyətli məsələdir. Azərbaycan çoxmillətli, çox konfensiyalı, mültikultural dövlətdir. Bütün millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır. Təbii ki, içərisində separatçı və terrorçuları çıxmaq şərti ilə, Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər də Qarabağda digər vətəndaşlarımızla eyni bərabərhüquqa malik olacaqlar. Bu, bir həqiqətdir, dövlətimizin dəyişməz siyasəti və prinsipial mövqeyidir”.
Milli Məclisin deputatı Asim Mollazadə isə bildirib ki, “Böyük qayıdış” layihəsi Azərbaycan dövlətinin qarşısında duran ən əsas hədəflərdən biridir:

“Bilavasitə bu layihə Prezident İlham Əliyevin nəzarətində saxlanılır. Dəfələrlə bölgəyə səfər edərək hər bir proqramın icrasına və sürətlə həyata keçirilməsinə özü şəxsən nəzarət edir. “Ağıllı kənd” layihəsi sadəcə bir misal ola bilər. Hava limanlarının açılışı, avtomobil və dəmir yollarının tikintisi istiqamətində böyük layihələr sürətlə icra olunur. Ən yüksək texnologiyaların təminatı ilə bölgənin ətraf mühitini qorumaq bu layihələrin tərkib hissəsidir. Bizim Qarabağda böyük su ehtiyatlarımız, meşələrimiz var. Azərbaycanın gözəl guşəsi olan Qarabağın təbiəti həm turizm üçün də yararlıdır. Mədəniyyət paytaxtımız olan Şuşanın türk dünyasının və beynəlxalq aləmin mədəniyyət mərkəzinə çevrilməsi həyata keçirilən proqramın tərkib hissəsidir. Beynəlxalq təşkilatların, ən yüksək texnologiyalara malik şirkətlərin iştirakı ilə bütün bunlar təmin olunacaq. Bu prosesdə Azərbaycana dost, tərəfdaş olan ölkələr, xüsusən qardaş Türkiyə artıq fəal iştirak edir”.

