“Rusiya və Azərbaycanın media orqanları iki ölkə arasındakı münasibətlərin formalaşmasında, qarşılıqlı etimad mühitinin dərinləşməsində mühüm rol oynayıblar. Onların əməkdaşlığı da buna xidmət ruhuna köklənməklə mütərəqqi əhəmiyyət daşıyıb, xalqların bir-birinə yaxınlaşmasını, mehriban qonşuluğu, dinc birgəyaşam normalarını aşılayıb. Bununla belə biz zaman-zaman Rusiyanın bəzi informasiya qurumlarının, jurnalistlərinin fəaliyyətində əldə edilmiş nəticələrə, müsbət meyllərə zidd halların da şahidi oluruq. Bu sayaq yanaşma təəssüf doğurur”.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının bəyanatında deyilir.
Bəyanatda vurğulanıb ki, fəaliyyəti təəssüf doğuran Rusiya kütləvi informasiya vasitələrindən biri də "Ria novosti" İnformasiya Agentliyidir: “Azərbaycan cəmiyyəti Rusiyanın rəsmi media strukturu olan "Ria novosti"nin yanlış dəst-xəttinin, yanaşmasının müxtəlif təzahür formalarına, peşəkar jurnalistika prinsiplərinə yaraşmayan mövqeyinə indiyədək çox şahidlik edib. Peşə dəyərləri separatizmin, bölücülüyün təbliğ və təşviqindən uzaq durulmasını, dövlətlərin müstəqilliyinə, suverenliyinə zidd təmayüllərə meydan tanınmamasını rəhbər tutur. Rusiya kimi federativ quruluşa malik, tərkibində çoxsaylı xalqların nümayəndələrindən ibarət muxtar respublikaları birləşdirən ölkənin aparıcı media qurumu məsələyə xüsusilə həssas münasibət göstərməlidir. Ancaq onun işində nəinki həssaslıq yoxdur, üstəlik əvvəlki illərin xoşagəlməz, sərt reaksiyalar doğurmuş təcrübəsinə yenidən istinad var. Özünü Azərbaycan ərazisindəki qondarma, separatçı qurumun naziri kimi təqdim edən Artak Beqlaryandan müsahibə də bunu deməyə əsas verməkdədir.