Tovuz rayonunun Dondar Quşçu kənd sakini 2009-cu il təvəllüdlü Nərmin Quliyevanın faciəvi qətli ilə bağlı məhkəmə prosesi davam edir. Proses davam etdikcə, müəmmalı qətllə bağlı şübhəli məqamlar da artır. Nərminin ölümündə təqsirləndirilən kənd sakini İlkin Süleymanovun qardaşı Adil Sülymanovun saytımıza danışdığı faktların bir qismini daha öncə yaymışdıq.
A.Süleymanovun Pravda.az-a açıqladığı faktların davamını təqdim edirik:
1. Meyitin aşkar edildiyi yer nə üçün qazılaraq alt-üst edildi?
Nərmin olduğu iddia edilən meyit ekspertizaya götürüldükdən sonra Nərminin atası Şərif Quliyev Tovuz Rayon Polis Şöbəsinin sabiq rəisi Şirzad Əsgərovun iştirakı ilə qonşudan bel götürüb meyitin aşkar edildiyi yeri qazıb alt-üst ediblər. Burda məqsəd bəlkə cinayətə aid sübutlar tapmaq idi? Kənd sakinləri hesab edirlər ki, sabiq polis rəisinin bu davranışı cinayət işi üzrə hansısa sübutların, məsələn, ayaq izləri, meyiti yandırmaq üçün istifadə olunan ləvazimatlar və s. məhv edilməsinə xidmət edir. İddialara görə, sabiq rəis cinayəti törədən əsl qatili tanıyır və bununla qatili gizlətməyə çalışıb. Lakin ifadəsi alınan Şərif Quliyev və digərləri bildiriblər ki, onlar guya istintaqa kömək etmək etmək üçün yeri qazıblar və ekspertizaya bəzi materiallar veriblər. Amma təəccüblü orasıdır ki, cinayət işində Ş.Əsgərovun belə bir axtarışı barədə heç bir rəsmi protokol yoxdur və heç bir material istintaqa təqdim olunmayıb. Əgər belə tapşırıq olubsa, protokol da, şahidlər də olardı…
2. Nərminə təcavüz edildiyi iddia edilir, amma...
Maraqlıdır, ilk günlərdə cinayət araşdırılarkən İlkin Sülemanovun ailəsinə bildirilib ki, Nərmin mütəmadi cinsi təcavüzə məruz qalıb. Lakin İlkinin anası bu iddialara dözməyib, 16 yanvar 2020-ci ildə “Youtube” kanallarının birində məcbur qalaraq etiraf edib ki, oğlunun cinsi qabiliyyəti yoxdur. İlkinin anası onu da qeyd edir ki, bu çıxışından sonra Nərminin cinsi təcavüzə məruz qalması söhbətini bir daha açan olmayıb. Artıq bu istiqamətdə heç bir araşdırma da aparılmır. Qeyd edək ki, əslində Nərmin olduğu iddia edilən meyitin cinsi orqanı tamamən yandırılmışdı. Bu səbəbdən ekspertiza Nərminə təcavüz olunduğunu müəyyən edə bilməyib. Bu hal da artıq cinayətin motivini göstərir. Bəs bu faktın gizlədilməsində maraqlı olan şəxslər kimlərdir?
3. Nərminin itkin düşdüyü gün hansı geyimdə olması ilə bağlı ziddiyətli fikirlər var
Əmiləri, əmisi arvadı ifadələrində israrla Nərminin itkin düşdüyü gün əynində olan paltarları yadlarında saxladıqlarını bildirirlər. Həmin gün cəmi 2-3 dəqiqə gördükləri uşağın ayaqqabısının üstündəki gül, gödəkcə, şalvar, köynəyini dəqiqliklə yadda saxladıqlarını iddia edirlər. Onların sadaladıqları paltar-ayaqqabı yanmış meyitin üstündə olan və yanına atılmış geyimlərə uyğundur. Əmisi Arif Quliyevin arvadı Nailə Quliyeva da həyat yoldaşının gödəkcəsini gətirib verəndə Nərminin əynində olan geyimləri sadalayır.