İyunun 8-də Heydər Əliyev Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) nəşr etdiyi ikicildlik “Azərbaycan Respublikasının tarixi (1991-2021-ci illər)” kitabının təqdimat mərasimi keçirilib.
Pravda.az xəbər verir ki, mərasimin əvvəlində Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğurunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirə moderatorluq edən akademik Rafael Hüseynov təqdimatın Heydər Əliyev Mərkəzində keçirilməsinin rəmzi məna daşıdığını bildirib. O, Azərbaycanın bu gün dünyada nüfuz qazanmasında Prezident İlham Əliyevin fəaliyyətini xüsusi vurğulayıb, təqdimatı keçirilən kitabların ərsəyə gəlməsini Bakı Dövlət Universitetinin böyük uğuru kimi dəyərləndirib.
Tədbirdə çıxış edən BDU-nun rektoru, layihənin rəhbəri və kitabın elmi məsləhətçisi Elçin Babayev ümummilli lider Heydər Əliyevin məzunu olmağı ilə daim fəxr etdiyi Bakı Dövlət Universitetinin hazırlayıb ərsəyə gətirdiyi “Azərbaycan Respublikasının tarixi” kitabının xüsusən gələcək nəsillər üçün əhəmiyyətini qeyd edib. Rektor müstəqil Azərbaycanın tarixini özündə sistemli, əhatəli, etibarlı tarixi mənbələr əsasında əks etdirən bu kitabın elmi ictimaiyyət, tarixçilər, politoloqlar tərəfindən rəğbətlə qarşılanacağına əminliyini bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov kitabların təqdimatını ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə kimi dəyərləndirib, müasir Azərbaycanın tarixinin vətəndaşların, xüsusən gənclərin formalaşmasında mühüm əhəmiyyətə malik olduğunu deyib. F.Qurabanov qeyd edib ki, Azərbaycan tarixi Qələbəsinin kitabda yer alması, gənclərin bunları öyrənməsi onların vətənpərvərlik ruhunda formalaşmasına töhvə verəcək.
Ombudsman Səbinə Əliyeva çıxışında iki cildlik kitabı Azərbaycanın son 30 illik tarixini əks etdirən dəyərli əsər kimi qiymətləndirib. O bildirib ki, insan hüquq və azadlıqlarının qorunması sahəsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ombudsman kitabda bu istiqamətdə mühüm tarixi faktların yer aldığını deyib.
Tədbirdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Milli Məclisin Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, kitabın müəllifi, Milli Məclisin deputatı Musa Qasımlı çıxış ediblər.
Aytəkin Qardaşova