Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Əl Cəzirə" kanalına müsahibəsinə dair şərh verib.
Pravda.az xəbər verir ki, Fərid Şəfiyev deyib ki, Paşinyan “Əl Cəzirə" kanalına müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh danışıqları prosesində mövcud olan problemlərdən danışıb:
“Bununla bağlı bir sıra məqamlar diqqəti cəlb edir. İlk olaraq görünür, daha əvvəl səsləndirilmiş bəyanatlara baxmayaraq, Ermənistan hökuməti faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək istəmir. "DQ statusu"nu gündəmə gətirilir. Hər iki tərəf sərhədlərin delimitasiyasının texniki tərəfləri barədə müzakirələr aparmağa müvəffəq olsalar da, delimitasiya razılaşmasının əsasını qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyə hörmət təşkil edir. Bu prinsipə riayət olunmadan delimitasiyanı uğurla həyata keçirmək mümkün olmayacaq.
Müsahibəsində nəqliyyat dəhlizləri ilə bağlı açıqlamasında Nikol Paşinyan Laçın və Zəngəzur dəhlizlərini fərqləndirir. Lakin 10 noyabr 2020-ci il bəyanatında Zəngəzurla bağlı “dəhliz” ifadəsi işlədilmədiyi halda, 9-cu maddədə xüsusilə Laçınla bağlı insanlar və yüklərin maneəsiz axını ifadəsi işlədilib. Eyni zamanda Laçın üzərində suverenlik beynəlxalq sənədlərdə təsbit edildiyi və 10 noyabr bəyannaməsində bir daha təsdiqləndiyi kimi Azərbaycanın yurisdiksiyasındadır. Belə ki, 10 noyabr bəyanatının 6-cı maddəsində göstərildiyi kimi, Azərbaycan hər iki istiqamətdən Laçın dəhlizi boyunca insan, nəqliyyat vasitələri və yüklərin daşınmasının təhlüksizliyini təmin etməlidir”.