“Dörd günlük iş həftəsi məsələsi Avropanın bəzi inkişaf etmiş ölkələrində gündəmə gəlib. Həmin ölkələr Avropanın yüz illiklər boyunca formalaşan dövlətçilik ənənələrinə sahib, ən varlı dövlətlərdəndirlər. Bu məsələ gündəmə gəlsə də, tətbiq olunmayıb. İndi də bunu Azərbaycanda bəzi şəxslər gündəmə gətitməyə çalışıb. Qaldırılan bir təklifin reallaşmasının heç olmasa 30 faizi real olanda, müzakirə edərlər”.
Bunu Pravda.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.
Deputat qeyd edib ki, əhali dövlətin əsas sütunlarından biridir, yəni ölkənin təbii sərvətləri nə qədər çox olsa da, insan resursu olmayanda və ya faydalı, səmərəli istifadə olunmayanda ölkənin iqtisadiyyatı sıfır olur: “Ölkə iqtisadiyyatını inkişaf etdirən insanlardır. İnsan işləməsə ölkənin iqtisadiyyatı necə inkişaf edə bilər? Mən də dörd gün işləmək istəyərəm. Bunu kim istəməz ki? Amma əməkhaqqının verilməsi, tibbi sığorta, ümumi sığorta, vergilər hamısı hesablanıb, nəzərə alınmalıdır. Dövlətin büdcəsinin bir hissəsi insanların ödədiyi vergilərin hesabına müəyyənləşir. Yəni bunların heç biri əsaslı izah olunmadığı halda, belə bir təklifin Azərbaycanda müzakirəyə çıxarılması sadəlövlükdür. Yəqin ki, dünyanın ən inkişaf etmiş, zəngin bir neçə ölkəsində tətbiq edildikdən sonra başqa ölkələr də etməyə başlayacaqlar. Azərbaycana gəldikdə isə, düzdür, inkişaf etmiş ölkə olmasaq da, iqtisadi vəziyyətimiz region dövlətlərindən, eləcə də keçmiş SSRİ ölkələrindən dəfələrlə yaxşıdır və sürətlə inkişaf edirik. Ümumiyyətlə, bu məsələ dünyanın aparıcı ölkələrində həllini tapmayıbsa, Azərbaycanda da real görünmür.”
M.İbrahimqızı eyni zamanda Azərbaycanda qeyri-iş günlərinin çox olması məsələsinə də münasibət bildirib: “Azərbaycanda qeyri-iş günlərinin sayı digər ölkələrə nisbətdə çoxdur, amma bunu dövlət özü müəyyənləşdirib. Hər bir qeyri-iş gününün dövlətin iqtisadiyyatına nə dərəcədə ziyan vura biləcəyi və s. bu kimi məsələləri dövlət qurumları, ekspertlər təhlil ediblər. Həmin günlərin dövlətimizin iqtisadiyyatına elə bir təsiri yoxdur. Dövlət baxır ki, bayram günü olması vətəndaşı nə dərəcədə məmnun edər və eyni zamanda bu dövlətə nə dərəcədə yük ola bilər... Yəni burada vətəndaşların məmnunluğu dövlətimiz üçün daha önəmlidir. Həmin günlər dövlətin iqtisadiyyatına müəyyən dərəcədə ağırlıq salmış olsaydı, yəqin ki, bu qərarlar qəbul edilməzdi. Təqvimimizdə olan bütün bayram günlərinin hamısı zəruri günlərdir. Ona görə də dövlət başçımız, dövlətimiz bu zəruri bayram günlərini qeyr-iş günü olmasını lazım bilib”.
Leyla Yusubova