Artıq Konstitusiya Məhkməsi 9 fevral tarixində keçirilən parlament seçkilərinin nəticələrini təsdiqləyib. Yəni Milli Məclisdə təmsil olunacaq deputatların adları hər kəsə məlumdur.
Milli Məclisin deputatlarının fəaliyyətini ən yaxından izləyən isə parlament jurnalistləridir. Maraqlıdır, parlament jurnalistləri yeni formalaşan parlamentdən nə gözləyir?
Pravda.az Modern.az-ın sorğusunu təqdim edir:
“Modern.az” saytının əməkdaşı Namidə Bingölün gözləntiləri əsasən yeni seçilən deputatlardandır:
“Biz alışmışıq ki, yeni parlament formalaşır, 5 il müddətində ancaq köhnə deputatlar məsələlərə münasibət bildirir, onlar seçicilərinin problemlərini parlamentdə qaldırır. Amma çox istəyərdim ki, bu dəfə belə olmasın. Milli Məclisin iclasında yeni deputatlar aktivlik nümayiş etdirsinlər. Çünki onlar aktivlik nümayiş etdirməsələr belə fikir formalaşacaq ki, “Biz gəncləri niyə qabağa çəkək? Elə köhnə deputatlar çıxış edib, hərəkət edəcəksə, yenilərə nə ehtiyac var?”. Hesab edirəm ki, yeni deputatlar yenilikçi obrazında özlərini nümayiş etdirməlidirlər. Çünki köhnə deputatların çoxunun yaşı yüksəkdir və onların böyüdüyü mühit, aldığı təhsil hər halda fərqli olub. Amma yeni deputatların bir çoxu xarici ölkələrdə təhsil alıblar, xarici təcrübəni daha yaxşı bilirlər.

Müasir standartlara və texnologiyalara onlara daha yaxşı bələddirlər. Ona görə də onlar bu potensialı 5 il müddətində ortaya qoymaldırlar. “Mən susmalıyam, danışmamalıyam” deyə bir fikir olmamalıdır. Əgər seçicin səni seçibsə, demək ki, sənə güvənir və səndən gözləntiləri var. Sənin də borcun seçicinin gözləntilərini doğrultmqa, problemlərini parlamentdə işıqlandırmaqdır. Yox əgər bunun əksi baş verərsə, bu hal insanlar tərəfindən normal qarşılanmayacaq. Ona görə də yeni formalaşan parlamentdə yeni deputatların üzərinə böyük məsuliyyət düşür”.

“Moderator.az” saytının baş redaktoru Zülfüqar Hüseynzadə Qarabağla bağlı fraksiyanın yaradılmasının gözləyir:
“İndiki parlamemtdən o qədər də böyük gözləntim yoxdur.Tək gözləntim Qarabağla bağlı fraksiyanın yaradılması və bu mövzuda prezidentin də iştirakı ilə dinləmələrin keçirilməsidir. Parlamentin Azərbaycan həyatında daha yaxından nüfuz etməsini hər şeyin adminstrasiyadan gələn direktivlərlə idarə olunmasını istəmirəm. Parlamentin əvvəlki ölü parlamentdən fərqli olaraq nisbətən əl-ayağını tərpədən diri bir formada görmək istəyirəm. Təbii ki, bu olduqca çətindir, amma yenə də mənim arzu və gözləntilərim belədir. Azərbaycan parlamenti Azərbaycan dövlətinin döyünən nəbzi olmalıdır. Milli Məclis cəmiyyətin ağrı-acılarını, ehtiyaclarını dilə gətirməlidir. Təkcə dilə gətirməklə kifayətlənməyib, parlament işlək mexanizm kimi o problemlərin həllində rol oynamalıdır”.

“Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlu yeni formlaşan parlamentin daha əlçatan olacağını gözləyir:
“Mənim fikrimcə fərqlilik özünü biruzə verəcək. Ən azından deputatların əlçatanlığında irəliləyiş gözləyirəm. Məncə onlar cəmiyyətlə daha sıx əlaqələr yaratmağa çalışacaqlar. Milli Məclisin az çox yenilənmiş tərkibi özü ilk günün bir yeniliyi sayıla bilər. Ümumilikdə yeniliklə bağlı hansısa bir təklifim yoxdu”.

“Unikal.org” saytının əməkdaşı Hüseyn İsgəndərov aparılan islahatlara əsasən parlamentin daha operativ olmasını istəyir:
“Yeni tərkibdə formalaşan parlament əvvəlki tərkibdən o qədər də fərqlənmədiyi dən açığı elə də ciddi bir gözləntim yoxdur. Bununla belə, ölkə başçısı tərəfindən aparılan islahatlar fonunda parlamentin də bu islahatlara adekvat çevik, operativ qanunlar qəbul edib icrasını nəzarətdə saxlamasını arzu edərdim. Onu da istərdim ki, yenidən parlamentdə təmsil olunan millət vəkilləri təbliğat-təşviqat zamanı seçicilərinə verdikləri vədlərinin yerinə yetirilməsi istiqamətində əzmlə çalışsınlar. Bununla belə parlamentə yeni seçilən millət vəkillərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
.jpg)
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy deyir ki, deputat düymə sıxıb səs verməklə işini bitmiş saymamalı, həm də parlamentdə vətəndaşın səsi olmalıdır:
“Parlamentin yeni tərkibinə münasibətin birmənalı olmadığını elə deputatlar, xüsusilə də barələrində vaxtaşırı tənqidi fikirlər səsləndirilən parlamentarlar özləri də çox yaxşı bilirlər. Cəmiyyətdə belə bir rəy var ki, mandat qazanmağa haqq edən deputatlarla yanaşı, kiminsə haqqına girənlər də oldu. Amma artıq bu məsələlər geridə qaldı, irəliyə baxmalıyıq. Hesab edirəm ki, ötən çağırışlarda faəliyyətsizliyi ilə diqqət cəlb edən köhnə deputatlar üçün bu çağırış olub-keçənlərə rəğmən özlərini təsdiqləmək üçün bir şansdır. Onlar ölkə prezident İlham Əliyevin fəaliyyətsiz, seçkidən-seçkiyə seçicinin qapısını döyən deputatlarla bağlı söylədiyi tənqidi fikirləri unutmamalıdırlar. Milli Məclisə ilk dəfə ayaq basacaq deputatların da özlərini təsdiqləməsi üçün geniş meydan var. Ümumilikdə Milli Məclis üzvləri elə fəaliyyət göstərməlidirlər ki, əvvəlki tərkibin özünü buraxması barədə qərara ciddi zərurət olduğunu bütün cəmiyyət şübhəsiz qəbul etməlidir. Xüsusilə də cari il ərzində. Çünki ölkə rəhbərliyi zamanın itirilməməsi zərurətindən bu addımın atıldığını aydın şəkildə ifadə etmişdi. Təsadüfi deyil ki, cənab prezident parlament seçkilərindən sonrakı ilk çıxışında növbədənkənar seçkilərin önəmindən bəhs edərkən “bu seçkilər Azərbaycanda aparılan islahatlara dəstək verməlidir və seçkilərin növbədənkənar keçirilməsinin əsas məqsədi də o idi ki, vaxt itirmədən islahatlar davam etdirilsin”, demişdi. Deməli, hər bir deputat məsuliyyətini dərk etməli, aktiv şəkildə fəaliyyət göstərməli, seçici ilə ölkə rəhbərliyi arasında “körpü salmaq” funksiyasının öhdəsindən layiqincə gəlməyi bacarmalı, işini təkcə düymə sıxıb səs verməklə bitmiş saymamalı, həm də parlamentdə vətəndaşın səsi olmalıdır. Çox istərdim ki, yeni tərkib Azərbaycanın ən önəmli probleminin həlli istiqamətində Prezidentə dəstək qərarını versin, Milli Məclisdə Qarabağ komitəsinin yaradılması və heç olmasa ildə bir dəfə də olsa, Qarabağ dinləmələrinin keçirilməsi, vacib qərarların verilməsi istiqamətində addım atsın. Vətəndaşların rifah alının yüksəldilməsi, aztəminatlı ailələrlə bağlı qərarların qəbul olunması istiqamətində də təşəbbüsləri gözləyirik. O cümlədən uşaqpulunun pərpasını, elektrik enerjisi və qaza tətbiq olunan limitin aradan qaldırılmasını, pensiya yaşının aşağı salınmasını, müəllimlərə tətbiq olunan yaş senzinin aradan qaldırılmasını, Rəqabət Məcəlləsi kimi illərdir qəbul edilməyən mühüm qanunların qəbulunu da...”.

CBC TV-nin əməkdaşı, veb-redaktor Fərəh Sabirqızı yeni seçilən deputatların tərəddüd etmədən gündəmdə olan sosial və siyasi məsələlər haqqında da KİV-ə açıqlama verməsini istəyir:
“Yeni seçilən deputatların seçicilərlə iş prinsipi necə olmalıdırsa, bu, bəllidir - seçicilərin hüquqlarını qorumaq, problemlərinin həllinə yardımçı olmaq onların birbaşa vəzifəsidir. Deputat seçicisini yalnız təbliğat zamanı görməməli, daim yanında olmalıdır. Əgər deputatların media ilə əlaqələrindən danışsaq, bu münasibətlərin daha açıq olmasını istərdim. Yalnız parlamentdəki çıxışlarla kifayətlənməsinlər, gündəmdə olan sosial və siyasi məsələlər haqqında da KİV-də çıxış etsinlər. Əvvəlki çağırış Milli Məclis deputatları arasında bu cür fəaliyyət göstərən, məmnuniyyətlə mediaya çıxan deputatlar vardı. İndi belələrinin sayının daha da çox olmasını arzulardım. Əsas istək isə Milli Məclisin komitə iclaslarının, bəzi toplantılarının işıqlandırılması ilə bağlı son dövrdə TV və agentlik jurnalistlərinə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır”.

"Yeni Azərbaycan" qəzetinin əməkdaşı Nardar Bayramlının növbədənkənar keçirilən parlament seçkilərində seçilən deputatlardan gözləntiləri yüksəkdir:
“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatlar bütün sahələri əhatə edir. Cəmiyyətimiz bu islahatları dəstəkləyir. Təbii ki, islahatlar qanunvericilik sahəsini də əhatə etməli idi və V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi də bununla əlaqədardır. İnanırıq ki, 9 fevral seçkisi nəticəsində formalaşa yeni tərkibli parlament müasir dövrün çağırışlarına, dövlətimizin başçısının islahatlar kursuna adekvat fəaliyyət göstərəcək. Qəbul olunacaq qanunlar ölkəmizin daha da inkişafına və güclənməsinə töhfələr verəcək. Ümidvarıq ki, 9 fevral seçkilərində seçilən millət vəkilləri bu prosesdə fəal iştirak edəcəklər”.






