“Nazir müavinləri “WhatsAppda” məni bloka atıblar”.
Pravda.az xəbər verir ki, bunu bir neçə gün öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısında aksiya zamanı qurumun mətbuat katibi Fazil Talıbovun yaxasından yapışan qazi, Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev deyib:
“Nazir müavinlər məni “qara siyahı”ya, yəni bloka atıblar. 3 ay bundan öncə mənə səhər tezdən zəng vurub məlumat verdilər ki, 40-a yaxın qazimiz ƏƏSMN-nin qarşısındadır. Onlardan təxminən 10-a yaxın qazi Gənc Qazilər İctimai Birliyinin üzvləri idi. Mən ora gedəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov və digər vəzifəli şəxslər qazilərimizlə mübahisə edirdilər. Onlar mənə dedilər ki, qaziləri sakitləşdirin, onların siyahısını tutaq. Nazirlik rəsmiləri qazilərin problemlərini qısa zamanda həll edəcəklərinə söz verdilər. Biz orada siyahı tutduq. Qazilərimizin hər birinin ad və soyadı, yaşadıqları ünvanları, şəxsiyyət vəsiqələrinin FİN kodları, problemləri qeyd edilib təqdim edildi. Bunun bir nüsxəsini Babək Hüseynova təqdim etdim. Onlar mənə dedilər ki, problem həllini tapacaq. Bu hadisənin üzərindən 15 gün keçəndən sonra əlaqə saxladım. Siyahıda olan 40 qazidən 10-nun probleminin həlli istiqamətində yönləndirmə olmuşdu. Bir-ikisinin problemi isə həll edilmişdi.