Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın ölkə üçün necə əhəmiyyətli qurum olduğunu söyləmək yəqin ki, artıqdır. Dövlətin sözünü yazılı qaydada (habelə görüntülərlə) təqdim edən dövlət agentliyi daim ciddi imici ilə seçilib.
AZƏRTAC-ın Nizamnaməsinə əsasən, qurumun məqsədi dövlət səviyyəsində rəsmi xəbərləri, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları ictimaiyyətə çatdırmaq və Azərbaycan Respublikası haqqında obyektiv məlumatları beynəlxalq miqyasda geniş yaymaqdır. AZƏRTAC-ın ilkin nizamnamə fondu 25 milyon manatdır.
Azərbaycan dövləti tərəfindən bu qurum daim qayğı ilə əhatə edilib (hər il dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılmasından tutmuş, sayı 200-dən çox olan işçi ştatının ayrılmasına qədər) ki, informasiyaların yayılması qüsursuz şəkildə təmin edilsin. Yəni, AZƏRTAC xəbərləri operativ və səhvsiz şəkildə çatdıra bilsin. Operativlik heç, AZƏRTAC-ın fəaliyyətində bundan danışmağa dəyməz. Eyni tədbirin xəbərləri irili-xırdalı bütün yerli mediada dərc olunandan sonra dövlət agentliyinin saytında çıxır. Bəs dəqiqlik? Axı məntiqlə bir KİV xəbəri çox gec yayırsa, həmin qurumun xəbərlərində səhv olmamamlıdır. Ələlxüsus, onlara həvalə olunan Prezidentin iştirakı ilə baş tutan tədbirlərin işıqlandırılması zamanı. Orfoqrafik səhvləri qoyaq bir kənara (hərçənd ayrılmış illik büdcə ilə ən yaxşı redaktor, korrektor heyəti məhz dövlət agentliyində formalaşmalıdır), daha ciddi məsələ fikir səhvlərinə yol verilməsidir.
Nəzərə alanda ki, AZƏRTAC dövlət qurumudur və onun yaydığı məlumatlar yerli və xarici ictimaiyyət tərəfindən dövlətin sözü kimi qəbul edilir, o zaman bu informasiya agentliyinin səhvinin necə bir dəhşətli xəta olduğunu aydın təsəvvür etmək olar. Artıq adi hala çevrilib: AZƏRTAC-da hansısa rəsmi məlumat yayımlanır, bütün yerli mətbuat bundan istifadə edir, sonradan kimsə bu səhvi görüb bildirir, agentliyin də redaktorları telefonu alıb əlinə bir-bir saytlara zəng edib xahiş edirlər ki, həmin hissəni düzəltsinlər. Hətta həmkarlardan biri zarafatyana bildirdi ki, “o qədər büdcəniz var, bir operator da tutun belə səhvlər olanda zəng eləsin saytlara”.