Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən İlham Hüseynovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndiirlən şəxsə hökm oxunub.
Hökmə əsasən, ona 8000 manat cərimə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz olunub.
Qeyd: Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsinin Bərdə rayon Elektrik Şəbəkəsinin keçmiş baş mühasibi İlham Hüseynovun qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Aparılan araşdırmalarla İlham Hüseynovun 2021-ci ilin iyul ayında əvvəllər tanımadığı Orxan Yusifovu Bərdə Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsinə işə düzəldəcəyi ilə bağlı yalan vədlər verərək ondan 3 min manat məbləğində pul vəsaitini şəxsən alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib dələduzluq etməsinə, həmçinin, bu əməli ilə Orxan Yusifovu rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, onun 2021-ci ilin avqust ayında təkrarən tamah niyyətilə tanışı Hafiz Həsənova da eyni cür vədlər verərək sonuncudan 4 min manat məbləğində pul vəsaitini alaraq öz qulluq mövqeyindən istifadə etməklə ələ keçirib təkrarən dələduzluq etməsinə, həmçinin qeyrisini təkrarən rüşvət verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilib.
İlham Hüseynov Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3 (dələduzluq - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Kamal Məmmədov