“Gürcüstanda keçirilən aksiyalar fonunda ölkəmizdə fəaliyyət göstərən qaraguruh qüvvələr, xəyanətkarlar şurasında birləşənlər, AXCP-nin üzvləri, xaricdə ermənipərəst dairələrin maliyyə dəstəyi altında fəaliyyət göstərənlər insanları küçələrə axışmağı çağırış edirlər. Bu, bir daha onu göstərir ki, harada nə baş verirsə, xalqımızı dərhal belə məsələlərə fokuslandırırlar, qarşıdurma yaratmağa çalışırlar”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Azərbaycanda aksiyanın keçirilməsi üçün istənilən vaxt müraciət olunduqda hökumət müxtəlif yerlər təklif edilir: “Xəyanətkarlar şurası üzvlərinin sosial bazaları olmadığından və xalq onları dəstəkləmədiyindən ayrılmış yerlərdən imtina edirlər və çalışırlar ki, insanların daha çox hərəkət etdiyi ərazilərdən istifadə etsinlər. Yəni metroların qarşısından, istirahət parklarından və digər ərazilərdən. Azərbaycan dövləti xalqın rifahının yaxşılaşdırılması üçün müxtəlif işlər görür. Hər bir addım xalqın marağına cavab verir. Ona görə də ölkəmizdə hər hansı bir aksiyanın keçirilməsinə əsas yoxdur. Əsas olmayan yerdə də belə aksiyaların keçirilməsi yalnız ölkəmizə zərbə vurmaq niyyəti daşıyır. Əlbəttə, ölkəmizdə dövlət tərəfindən yürüdülən siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir, möhkəm xalq-iqtidar birliyi, milli həmrəylik formalaşıb. Bu milli həmrəylik nəticəsində də Azərbaycan günü-gündən inkişaf edir. Xəyanətkarlar şurasında toplaşanlar təxribata cəhd edirlər. Amma onların sözlərinə və çağırışlarına xalqımız tərəfindən hər zaman rədd cavabı verilir. İstənilən çağırışları iflasa uğrayır. Azərbaycan dövləti güclü və qüdrətlidir. Dövlətimizə qarşı atılan istənilən addımın qarşısı qətiyyətlə alınır və alınacaq. Azərbaycan müstəqil siyasət yürüdür, heç bir qüvvə Azərbaycanı bu yoldan çəkindirə bilməz”.
C.Osmanov qeyd edib ki, radikal qüvvələr şər-böhtan atmaqdan da çəkinmirlər: “Müsəlman Birliyi Hərəkatının üzvləri iddia edir ki, guya polis onların gözü qarşısında Allahı və Qurani-Kərimi təhqir edib. Taleh Bağırzadə və ona bağlı olan adamlar həbsxanada aclıq aksiyasına başlayıblar, ölkədə bir qarşıdurma yaratmağa çalışırlar. Azərbaycan hüquqi dövlət olduğundan qanunu pozanlar cəzalandırılır. Guya bu adamlara inzibati qaydada həbs tətbiq edilən müddətdə zorakılıq olub. Bu da növbəti bir şou yaratmaq cəhdi və təxribatın, şər-böhtanın tərkib hissəsidir. Əlbəttə, antimilli qüvvələr, xəyanətkarlar şurasının üzvləri xarici, xüsusilə də ermənipərəst dairələrdən maliyyələşirlər, onların tapşırıqlarını yerinə yetirirlər. Onlar şeytanla da bir masada oturub həmrəylik nümayiş etdirir, şər-böhtan kampaniyası aparır, təxribatlar törətməyə çalışırlar. İstənilən halda, onların heç bir cəhdi xalqımız tərəfindən dəstəklənmir”.
Leyla Yusubova