BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

AzTV-də “Quran”, “namaz”, “öpmək”, “sevişmək” kimi sözlər qadağandır?

“AzTV-nin radiosunda qonaq idim. Radionun binasını tapanda qərar verdim ki, gələn dəfə gəlsəm, taksini həyətə saldıracam, yoxsa adamda can qalmaz. Verilişdən sonra isə qərar verdim ki, bu kanala bir daha addımımı basmayacam. Ən azı bəzi şeylər düzələnə kimi. Nədir o bəzi şeylər? Əvvəla onu deyim ki, radionun direktoru Rafiq Həşimov gözəl insandır və tanışlığımız da var. Bu yazdıqlarımın onunla bəlkə də əlaqəsi yoxdur. Kanala, yaxud da radioya ilk dəfə gələn qonağı qarşılamaq mədəniyyəti özəl televiziyalarda var. Ən azından bir nəfər gəlir, studiyaya qədər sənə yoldaşlıq edir. Bugün bir qadının mənə yazığı gəlməsəydi, çox güman elə aşağıda da qalacaqdım”.

 

Pravda.az-ın xəbərinə görə, bunu şair Akif Eminquey bildirib.

 

“Nə isə. Studiyaya çıxdıq. Əvvəlcə studiyada əyləşdirsələr də, sonra çıxardılar ki, üzrlü sayın, qısa səsyazmamız var. Olsun, gözləyərik. O ərəfədə verilişin redaktoru ilə söhbətimiz oldu. Sən demə, o şeir sevmirmiş. Hətta müasir, gənc imzalarımızı da tanımırmış. "Elə soruşdunuz ki, elə bil gənc şairləri tanımamaq qəbahətdir?!". Bunun qəbahət olmadığını dedim, sadəcə, verilişiniz bu formatdadırsa, tanımalısınız. Xanım üzümə baxa-baxa dedi ki, əslində bu layihəni tanınmış və yaşı daha çox imzalarla etsək, daha yaxşı olardı. Duruxdum. Tanınmış? Daha yaşlı? Yəqin, məsələn, Vahid Əzizi, Vüqar Əhmədi nəzərdə tuturdu. Bilmirəm. Veriliş yazıldı, iş çatdı şeir oxumağa. Heyf! Kaş ki gəlməzdim. Kaş ki... Hardan bilim, məsələn, AzTV-də "Quran", "namaz", "öpmək", "sevişmək" kimi sözlər qadağandır?! Misal üçün, "təkliyin namazı qolları bağlı, hər gün zikr edirəm unutmağını", anama yazdığım, "atam üçün oxuyurdu Quranı" misrası, yaxud da "öpdüm səni, sevdim səni, qucaqladım" misralı şeirim... AzTV-də olmazmış! Açığı, buna bənzər bir mənzərə ilə qarşılaşacağımı təxmin etmişdim, amma ümidlə getmişdim. Bu kanalda dostlarım işləyir. Bir zamanlar ölkənin "sima"sı olub. Zamanla ayaqlaşa bilməsə də, köklü ənənəyə sahibdir. Və nə təəssüf ki, AzTV hələ də Sovet ənənəsindən çıxa bilmir. Hətta bəlkə də elə bilirlər ki, Stalin sağdır və xalqımız ateist olmaldır. Hə, bir də, "tanınmışları çağırsaq, daha yaxşı olardı" söhbəti... Bu söhbəti ən azı mənimlə etmək, gülüncdür. Yenə də olsun! Təki verilişlərinizə xalq şairləri, yazıçıları gəlsin, xalça sərib qucağınızda daşıyın. Bu veriliş radionun efirinə getməsə də, ruhum inciməz. Açığı, artıq o qədər də maraqlı deyil. Gördüyüm dırnaqarası münasibət məni məmnun etmədi. Üstəgəl, yaradıcılığım qəfəsdə deyil və AzTV mənim yaradıcılığımı qəfəsə salmaqla tanıda bilməz. Bu mənada, AzTV mənə heç nə qazandırmır. Tanınmaq lazımdırsa, media da, tamaşaçı da öz əlimdədir” – o qeyd edib.

Tarix: 22 İyun 2022, 11:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin