Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) Qarabağ bölgəsinə sərnişindaşıma fəaliyyətinin genişləndirilməsi çərçivəsində iyunun 25-də Bakı – Füzuli – Bakı şəhərlərarası müntəzəm avtobus marşrutunu istifadəyə verəcək.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, reyslər, həftədə bir dəfə olmaqla, şənbə günləri təşkil ediləcək. İlkin mərhələdə sərnişinlər Merdinli kənd məscidi, Füzuli şəhər mərkəzi və Füzuli Beynəlxalq Hava Limanını ziyarət edə biləcəklər. Növbəti mərhələdə isə İbə piri, Qaraməmmədli bulağı, Qarğabazar Karvansaray kompleksi və Dövlətyarlı kəndinə də (Ağıllı kənd) getmək mümkün olacaq. Dini, mədəni və tarixi abidələri ziyarət edərkən vətəndaşları bələdçilər müşayiət edəcəklər.
Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin işğaldan azad olunmuş ərazilərə 24 yanvar 2022-ci ildən etibarən istifadəyə verdiyi müntəzəm avtobus marşrutları ilə bu günədək 200 reys həyata keçirilib, 8588 nəfər Şuşa və Ağdam şəhərlərini ziyarət edib.