İyunun 22-də Xivə şəhərində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.
Pravda.az xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub.
Dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.
Prezident Şavkat Mirziyoyev: Əvvəlcə, bu gün bizim sənətçilər dostum, qardaşım İlham Heydər oğluna gözəl Xivədə, Özbəkistanda bizim mədəniyyətimizi, sənətimizi və onların yaxınlığını göstərdilər. Mən Sizə olduqca minnətdaram və bu gün çox qurur hissi keçirdim ki, qardaşımla bir dildə danışdıq və aramızda tərcüməçi yox idi. Bu sənətçilər bizim mədəniyyətimizi, tariximizi, soykökümüzü, birliyimizi dərin sevgi, məhəbbət və ehtiramla tərənnüm etdilər, göstərdilər ki, bu iki böyük xalqın tarixi birliyi və gələcəyi həqiqətən də sarsılmazdır. Biz dünəndən dostluğumuz, əlaqələrimiz haqqında danışır və müzakirələr aparırıq. Lakin bu gün bizə bunu əməli olaraq sənət ilə göstərdiniz. Mən sizə minnətdaram.
Son illər bizim mədəniyyətimizə, tariximizə, ümumiyyətlə, makomumuza və muğamımıza ehtiramla yanaşmağımız təqdirəlayiqdir. İllər ötəcək, əsrlər keçəcək və gələcəkdə siz bu mədəniyyətin iştirakçıları olacaqsınız. Övladlarınız, qonşularınız, dostlarınız həmişə bu mədəniyyət ilə təmasda olacaqlar. Mən qardaşım İlham Heydər oğluna məmnuniyyətlə demək istəyirəm ki, bu gün sənətçilər bizə Yeni Özbəkistanda yeni mədəniyyəti göstərdilər.
Prezident İlham Əliyev: Qardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Mənim dövlət səfərim bu gün başa çatır. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır. Mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur. Bu, nəyi göstərir? Xalqlarımızın birliyini. Siz Türk mədəniyyətimizi tərənnüm edən ifaçılar, sənətkarlar və mədəniyyət ustadları bizim fəxrimizsiniz.
Şavkat Miromonoviçlə bu masa arxasında söhbət əsnasında o, hər bir ifaçının adını bilirdi. Bilirdi harada oxuyub, bu, Bakıda oxuyub, o orada oxuyub, bu, mədəniyyət naziridir, o orada. Bu, onu göstərir ki, Prezident hər bir sənət adamının məsələləri ilə şəxsən məşğul olur. Onun sizə olan sevgisi özbək xalqına olan sevgisidir.
Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq.
Prezident Şavkat Mirziyoyev: İnşallah.



