Kənd Təsərrüfatı Nazirliyi iyunun 25-26-da Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları təşkil edəcək.
Nazirlikdən verilən məlumata görə, yarmarkalar üç fərqli ünvanda keçiriləcək.
Əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
“Kənddən Şəhərə” həftəsonu yarmarkalarında ümumilikdə 100-ə yaxın fermer 50-ə yaxın regionu təmsil edəcək. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər.