Bu gün Elçibəyin doğum günüdür. 84 yaşı tamam olur. Elə şəxsiyyətlər var ki, onlar ölmürlər. Vaqif Cəbrayılzadənin təbirincə desək:
Su kimi çəkilib
torpağa gedirlər.
Elçibəy də ölmədi ki… Və ölə də bilməz. O da su kimi çəkilib torpağa getdi və torpağı daha nurlu elədi, daha işıqlı elədi, daha bərəkətli elədi.
Elçibəy şəxsən mənə dərs deməyib. Tarix və Şərqşünaslıqda dərs deyirdi. Biz də dərsdən qaçıb gedərdik onun əsasən Tarix fakültəsində dediyi mühazirələrə qulaq asmağa. Bəzən auditoriyada 50 nəfər əvəzinə, 70-80 adam olurdu. Auditoriya dolanda qapıları açıq qoyurdular ki, bayırdakı uşaqlar da onu dinləyə bilsin.
Yeganə müəllim idi ki, mühazirə vaxtı siqaret çəkərdi, külqabı da əlində olardı. Biz də heyranlıqla, ayaqüstə olsaq da, onun mühazirələrinə qulaq asardıq.
Elçibəy həbsxanadan çıxandan sonra ən çox Ağdama gələrdi. Həm Milli Qəhrəman Allahverdi Bağırovla dost idi, həm də jurnalist Surxay Əlibəyli ilə. Hətta Surxay Əlibəylinin oğlu Altayın kirvəsi olmuşdu. Onun Ağdama son səfərlərindən biri də Rüstəm Hacıyevin toy mərasiminə gəlişi idi ki, orda qeyri-adi bir rəqs elədi, hamı geri çəkildi ki, Elçibəyin rəqsini görsün.
Amma Elçibəy Ağdama nə vaxt gəlmişdisə atamın ojağında da bir qismət çörək kəsmişdi, ya da çay içmişdi. Atam da o nə vaxt gəlmişdisə ayağının altında qurban kəsmişdi. Bizim həyətdə atam içkini qadağan eləmişdi.
Bununla bağlı müəyyən yazılar yazmışam, təkrar etmək istəmirəm.
Bir dəfə atamla Elçibəy bərk mübahisə elədilər. Atam deyirdi:
- Bəy, sən elədiyin hərəkət inqilabçılıqdır. Hər il nə qədər gəncə vətənpərvərlik, millətçilik aşılayırdın. Əlli nəfərin içində beş-on nəfər yetişdirsən bəsiniydi. Amma sən inqilabçılıq elədin, həbs olundun və əlindən auditoriya çıxdı. Müəllimlik hüququn qadağan edildi. İndi özün fikirləş, sənin yerinə kimlər dərs deyir və onlar nələr aşılayır? İndi səni yalnız çayxanalarda, hansısa məclislərdə dinləyirlər.
Çox qəribəydi ki, Elçibəy atamla razılaşdı.
Yeri gəlmişkən, bir zarafat edim. Ağdamda şair Vaqif Bəhmənli ilə gəzərkən bir elanın şahidi olduq: «Poeziya, tarix və musiqi. İştirak edirlər: Əbülfəz Əliyev, Səxavət Məmmədov və Zakir Fəxri».
Vaqif gülərək dedi:
- Ə, ta denən türemşiklərlə görüş də.