Deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, BAXCP sədri Qüdrət Həsənquliyev müsahibə verib. Müsahibimiz Rusiya-Azərbaycan münasibətləri, həmçinin Ermənistanın götürdüyü öhdəliklərdən yayınması halında atılmalı olan addımlar barədə maraqlı fikirlər səsləndirdi.
- Qüdrət bəy, Rusiyanın xarici işlər nazirinin Azərbaycana son səfərindən nə gözləyirsiniz?
- Sözün doğrusu, sağlam məntiq və sağlam düşüncə onu deyir ki, Rusiya və Azərbaycan münasibətləri inkişaf etdirməlidir. Rusiyanın həyati mənafeləri də bunu tələb edir. Rusiya ağır sanksiyalar altındadır və belə bir dönəmdə onun Türkiyə və Azərbaycanla münasibətlərinin yüksək səviyyədə olması Rusiya üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan da, Türkiyə də bunu nəzərə almalıdır. Biz Rusiyadan dostcasına, ərkyana tələb etməliyik ki, Azərbaycan və Türkiyənin ona münasibətinə adekvat reaksiya versin. Biz bütün öhdəliklərimizə sadiqik, bütün öhdəilklərimizi yerinə yetiririk, Rusiya ilə münasibətlərimizi yüksək qiymətləndiririk. Rusiya da Türkiyə və Azərbaycanın maraqlarını nəzərə almalıdır. Türkiyənin Suriyada təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almalı, Azərbaycanın öz torpaqları üzərində suveren hüquqlarının bərpa etməsi səylərinə hörmətlə yanaşmalıdır.
Rusiyanın hərbi-siyasi müttəfiqi Ermənistanla Azərbaycanı müqayisə edək. Azərbaycanda rus dilinə olan münasibətə baxın, Ermənistandakı münasibət də göz qabağındadır. Biz bilirik ki, Rusiya üçün Zəngəzur dəhlizinin, özü də indiki ərəfədə açılması nə dərəcədə əhəmiyyətlidir. Yəni Qərb Rusiyaya sanksiyalar tətbiq edib. Rusiyanın dəmiryolu xətti ilə İranla birləşməsi yüksdaşımaların, ticarətin həcminin artması deməkdir. İranla dəmiryolu xəttinin birləşdirilməsi həm də Hindistan və Pakistanla dəmiryolu xəttinin birləşdirilməsi deməkdir. Asiyadan yüklərin Rusiyaya çox asan formada daşınmasının təmin olunması deməkdir. Belə olduğu təqdirdə biz görürük ki, Ermənistan məqsədyönlü şəkildə dəhlizin açılmasını yubadır.
- Təbii ki, öz iradəsi deyil. Razılaşırsınız?
- Sözsüz ki, bunu yubatmaqda əsas məqsəd Qərbin könlünü oxşamaqdır, Qərbin maraqlarına xidmətdir. Yoxsa mən vaxtilə demişdim ki, Zəngəzur dəhlizinin açılması bizdən çox Rusiya, İran və Ermənistanın maraqlarına uyğundur. Söhbət 85 milyonluq böyük bir dövlətdən - İrandan və 144 milyonluq digər böyük qonşumuz Rusiyadan gedir. Ermənistan kiçik bir ölkədir, amma onun dəmiryolu xətti ilə Rusiya və İranla Azərbaycan üzərindən birləşməsi baş verəcək. Yəni bunlar dəmiryol xəttindən daha çox faydalanacaqlar. Naxçıvanda indi real yaşayanların sayı 150 min nəfər olar, ya olmaz, onlar da Türkiyə ilə əlaqələr hesabına orda yaşayırlar. Türkiyə ilə Azərbaycan arasında dəmiryol xətti də var - Gürcüstan üzərindən. Gürcüstan da bizə heç bir problem yaratmır.
- Eyni zamanda alternativ olaraq İran variantı da var...
- Bəli, İran variantı da var. Ona görə də mən hesab edirəm ki, bu dəmiryol xətti daha çox Rusiya, İranın maraqlarına uyğundur. Amma Ermənistan məhz Qərb bu layihəni dəstəkləmədiyi üçün məqsədyönlü şəkildə prosesi yubadır. 44 günlük savaş olmasaydı, Paşinyan da arxasını Rusiyaya çevirib tam qərbyönümlü siyasət yürüdürdü və Ermənistanı da böyük sürətlə Qərbə, ABŞ-a yaxınlaşdırırdı. Odur ki, ruslar da başa düşür ki, xəyanət etmək ermənilərin vərdişidir, həyat tərzidir. Azərbaycan başqa bir şey tələb etmir ki? Azərbaycan başqa ölkənin torpağını tutmayıb ki, Rusiya desin biz Ermənistanla dostuq, qardaşıq, onu müdafiə edəcəyik. Sənin qardaşın başqasının əmlakını ələ keçirib. O halda qardaşına nə deməlisən? Deyəcəksən ki, yaxşı eləmisən? Deməlisən ki, qardaş, bu, sənin deyil, camaatın əmlakını qaytar, ver özünə! İndi Rusiya Ermənistanla yaxındır, çox yaxşı. Əslində Rusiyanın Ermənistanla yaxın olması müəyyən mənada - əgər Rusiya səmimi olsa - bizə də sərf edir , o halda Moskvanın İrəvana təsir etmək imkanı olur. Odur ki, Ermənistana deməlidir ki, sən başqasının torpağından əlini çək, bu ölkənin daxili işlərinə müdaxilə etmə! Biz bu mövqeyi Rusiyadan istəməliyik.
- Azərbaycan Prezidenti Sergey Lavrovla görüşdə diplomatik dillə qarşı tərəfdən fərqli olaraq, ölkəmizin öz öhdəliklərinə əməl etdiyini ifadə etdi. Yəqin ki, qapalı müzakirələrində Ermənistanın komunikasiyaların açılması və digər mövzularda müqavimət göstəməsi ilə bağlı daha açıq müzakirə aparılıb. Sizcə, bundan sonra nə baş verəcək?
- Rusiya Ermənistandan qətiyyətlə tələb etməsə, Ermənistan xəttin açılmasına getməyəcək. Ona görə ki, bu, Qərbin maraqlarına xidmət etmir. Rusiya və İranın - hər iki ölkə sanksiyalar altındadır - dəmiryolu xətti ilə birləşməsi Qərbin maraqları daxilində deyil. Qərb istəyir ki, ümumiyyətlə, Rusiyanın iqtisadiyyatını çökdürsün. Dəmiryolu xətləri, əlaqələr, kommunikasiya Rusiyanın vəziyyətini yaxşılaşdırır. Ona görə də onlar bunda maraqlı deyillər. Birinci Qarabağ savaşından sonrakı 26 ildə danışıqları uzatdıqları kimi indi də həmin xətt tutulub və bu gedişlə yolu açmayacaqlar.
- Qəribəsi budur ki, düşmən tərəflər - Rusiya və Qərb Minsk Qrupunu diriltmək üçün eyni mövqedən çıxış edirlər. Bütün mövzularda ziddiyyətli, konfliktli mövqedə olanların Qarabağla bağlı eyni sözü deməsini - həm də anti-Azərbaycan mövqeyi sərgilməsini - yəqin ki, müşahidə edirsiniz...
- Bəli. Yenə də Minsk Qrupunu canlandırmaq istəyirlər. Biz istərdik problem Minsk Qrupu çərçivəsində həll olunsun. Amma cənab prezident də dedi, Minsk Qrupu 1992-ci ildən 2020-ci ilədək problemin həlli üçün heç nə etmədi. Yəni bunu yenidən canlandırmağın nə mənası var?