“Aleksandr Lapşinin separatçı rejimin yanında olması ciddi bir təxribatdır. Danışıqlar aparıldığı, sülh sazişi istiqamətində addımlar atıldığı bir vaxtda məhz bu təxribatı törətmək prosesə zərbə vurmaqdır. Məlum məsələdir ki, Lapşin birmənalı şəkildə Ermənistan xüsusi xidmət orqanlarının agenti qismində bu və ya digər tapşırıqları yerinə yetirir. 2011-2012-ci ildə Lapşinin Azərbaycan ərazisində qanunsuz yolla peyda olması artıq 2017-ci ildə onun ekstradisiyası, yəni Belarusda tutulub Azərbaycana təhvil verilməsi ilə nəticələndi. Cənab Prezident də onun həbsindən sonra humanist addım atdı, əfv edərək ölkəsinə qaytardı. Lapşin bundan ciddi nəticə çıxartmadı. Məlumdur ki, o, İsrail, eyni zamanda Rusiya vətəndaşıdır. Bu gün dost ölkə olan İsrail, eləcə də yüksək səviyyədə, normal münasibətimiz olan Rusiya da bu məsələni araşdırmalıdır. Lapşinin hansı məqsəd və məramla separatçı rejimin yanına gəlib? O, Azərbaycan əleyhinə çıxışlar edir. Bütün bu problemlər araşdırılmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.