"Deputatlardan başqa icra hakimiyyətlərində işləyənlərin, məhkəmə sistemlərində çalışanların da maaşı qalxıb. Amma nədənsə bizə qarşı qərəz, ayrı- seçkilik var. Bu, ikili standart deməkdir".
Pravda.az xəbər verir ki, bu sözləri Cebhe.info-ya millət vəkili Elman Nəsirov deputatların maaşının artmasından danışarkən deyib: "Biz 2022-ci ilin büdcəsinə yenidən baxırıq. Bunun səbəbi bəllidir. Çünki biz həmin büdcədə1 barel nefti 50 dollarla götürmüşük. İndi isə orta hesabla 1 barel neft 106 dollardan artıq olub. Təsəvvür edin ki, 5 ay ərzində 3,8 milyard dollar neft gəliri gəlib, 3,5 milyard dollar isə qazdan gəlir gəlib. İlk dəfə neftlə qazla gələn gəlirlər bərabərləşib. Bu da təbiidir ki, bizim iqtisadi imkanlarımızı genişləndirir. Bu, sosial-siyasi yönümlü siyasətdir. 2022-ci ilin büdcəsində 46, 4 faiz sosial xərclər təşkil edir. Bu, özü bir göstəricidir. Bütün sahələr üzrə büdcədən əlavələr nəzərdə tutulub. Bunlar xalqın mənafeyinin yüksəldilməsinə xidmət edir. O ki qaldı millət vəkilləri ilə bağlı məsələyə, bildirim ki, hakimiyyətin 3 qanadı var: İcra hakimiyyəti, qanunverici hakimiyyət və məhkəmə hakimiyyəti. Təsəvvür edin, icra hakimiyyətinin maaşı xeyli müddətdir ki, qalxıb. Heç kimin səsi çıxmayıb. Fikir verirsinizsə, məhkəmə hakimiyyətində təmsil olunan şəxslərin də maaşı qalxıb. Ombudsman, Hesablama Palatasının da maaşı qalxıb. Bu, heç kimi maraqlandırmır və bəzən görürəm ki, necə təhrifedilmiş məlumatlar yayılır. Buna ikili standart yanaşmaya deyilir”.