“Cənab Prezident İlham Əliyev Ermənistana dəfələrlə xəbərdarlıq edib. Dövlət başçısı həmçinin beynəlxalq tədbirlərdə də bu fikirləri səsləndirib. Elə bu yaxınlarda da Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovun regiona səfəri oldu və bu səfərlər çərçivəsində Azərbaycanda da müəyyən görüşlər baş tutdu. Bu görüşlər zamanı da bir daha vurğulandı ki, tərəflər üçtərəfli razılaşmalarda əksini tapmış şərtləri, müddəaları, bəndləri yerinə yetirməlidirlər və Cənab Prezident bir daha bəyan etdi ki, Azərbaycan üzərinə düşən öhdəliklərin hamısını yerinə yetirir. Yəni bizim tərəfimizdən heç bir problem yoxdur. 10 noyabr 2020-ci il imzalanmış üçtərəfli bəyanatdan sonra istər Moskvada, istər Brüsseldə, istər başqa yerdə keçirilən bütün görüşlərdə və imzalanan bütün sənədlərdə Azərbaycan tərəfi səmimi şəkildə sülhsevərliyini nümayiş etdirərək üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.”
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat təəssüflə qeyd edib ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirmir: “Belə görünür ki, onlar, sadəcə olaraq, söz oynatmaqla, yəni imitasiya edərək fikir yayındırmaqla və vaxt uzatmaqla məşğuldurlar. Məqsədləri isə nədir, özləri bilirlər... Bizə də məlumdur, ancaq bunların hamısı xam xəyallardır. Buna görə də Cənab Prezident bir daha bəyan etdi ki, “dəmir yumruq” yerindədir. Sülh sazişinin imzalanması ilə bağlı addımları atmasalar, Zəngəzur dəhlizi, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməsələr, eyni zamanda bugünə qədər Azərbaycan ərazisində hələ də qalan işğalçı Ermənistana aid silahlı birləşmələri uzaqlaşdırmasalar, Azərbaycanın bunu həm hüquqi cəhətdən əsaslandıraraq, həm də sahib olduğu gücü sayəsində istədiyini edəcək. Bunlar Ermənistana dəfələrlə deyilir və bəyan edilir ki, siz bunu etməlisiniz, etmirsinizsə biz bunların hamısını edəcəyik. Prezident İlham Əliyevin Kəlbəcər və Laçına rayonlarına olan səfəri zamanı da bu fikirlər bir daha səsləndirildi. Azərbaycan tərəfi olaraq Cənab Prezident həmişə bəyan edir ki, istəmirik ki, yenidən müharibə başlasın və gərginlik yaransın. Sadəcə olaraq, Ermənistan tərəfi özünün faşist ideologiyasına əsaslanan hərəkətləri ilə bizi buna təhrik edir. Bu baxımdan yaxşı olar ki, həm Ermənistan, həm üçtərəfli sənədlərə imza atan tərəflər, Rusiya, eyni zamanda Avropa İttifaqı və digər müəyyən güc mərkəzləri terrorçu, işğalçı dövləti başa salsınlar ki, bu yoldan çəkilsin. Əks təqdirdə, Ermənistan 44 günlük müharibədə aldığı zərbədən daha ağır zərbələr ala bilər”.
Leyla Yusubova