“Rusiyaya qarşı yeganə təsirli “sanksiya” neft-qaz qiymətlərinin ucuzlaşması, rubla təsir edən yeganə addım xarici şirkətlərin Rusiya bazarından çıxması deyil, tam tərsi, satışlarını artırması ola bilərdi. Qərb ölkələri Rusiyaya qarşı sanksiyalarının qısa zamanda heç bir təsiri yoxdur, bəli, orta və uzan zaman kəsimində təsirləri olacaq, amma buna 2 il və daha artıq zaman lazım olacaq, bəs yaxşı, Ukraynanın 2 il və daha artıq dözmək imkanı varmı?! Qərb hər şeyi tərsinə edir, çünki post-sovet toplumunu, əsas da Rusiya xalqını çözə bilməyib, hələ də anlamır ki, Rusiya əhalisinin 80%-i elə “putinlərdən” ibarətdir, camaat elə Putin deyəni deyir. Neftə qarşı sanksiya qoydular, bahalaşdı, Rusiya neftini Hindistana və Çinə satır, bəli, təqribən 20-30% daha ucuz satır, amma ən azı 80-90 dollara sata bilir. Rusiyada neftin maya dəyəri isə 10-14 dollar arasıdır. Qaza qarşı sanksiya qoydular – qiyməti Qərbdə kəllə-çarxa çıxdı, Rusiya necə qaz satırdısa, elə də satır, amma əvvəl (2019-cu ildə) 240 dollara (ortalama) satdığı qazı bu gün (2021-ci ilin sonundan bu günə) 1000 dollara satmağa nail olub. “The Economic Times” nəşri yazır ki, yanvar-iyun aylarında Hindistan Rusiyadan neft alışını 50 dəfə artırıb, Ukrayna müharibəsinə qədər Hindistan ümumi istehlak etdiyi neftin cəmi 0,2%-i Rusiyadan alırdısa, indi 11%-ə yaxınını Rusiyadan alır, Çin isə Rusiyadan neft alışını 56% artırıb, nəticədə neftlə, benzin qiymətləri ilə bağlı problem Qərbdə, Avropa və ABŞ-da yaşanır. Hələ mən onu demirəm ki, Qərb şirkətlərinin özləri də primitiv və başaldadıcı sxem qurub pul qazanırlar, neftlə 49% dolu tanker Rusiyadan çıxır, sonra ərəb ölkələrinin birinin limanına daxil olur, orada 51% həmin ölkənin neftini tankerə doldururlar, gəminin nömrəsi və indendifikasiya kodu dəyişdirilir, sonra tam leqal neft Qərbdə satılır. Yəni, dünyada heç vaxt pulun və ideyanın qarşısını süni yolla almaq olmur, indi də dar bir çevrə ciddi pul qazanır. Həm də, baha neft-qaz dünyada dəb mövzu olan “yaşıl enerjiyə” keçidi stimullaşdırır”.
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.