Türkiyənin sabiq dövlət naziri, Bursadan olan deputat, böyük iş adamı Cavit Çağlar azərbaycanlı jurnalist Eynulla Fətullayevə müsahibəsində 1993-cü ilin iyun siyasi böhranı barədə sensasion açıqlama verib.
Azpost.info bildirir ki, Çağlar 1993-cü ildə mərhum prezident Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi ilə bağlı maraqlı məqamları açıqlayıb.
Onun sözlərinə görə, 1993-cü ildə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin Türkiyəyə səfər etməsini və Baş nazir Süleyman Dəmirəllə görüşməsini təklif ediblər. “Heydər bəy dedi ki, bu çox çətindir. Necə gedəcəyik? Deputatlar -filan…”
C.Çağlar daha sonra iyun qiyamı zamanı yaranmış böhranla bağlı Türkiyənin addımlarını açıqlayıb.
Onun sözlərinə görə, iyun qiyamı zamanı prezident Əbülfəz Elçibəylə görüşüb.
“Mən Əbülfəz Elçibəylə danışdım. Dedim ki, siz çətinlik çəkirsiniz. Heydər Əliyevi Milli Məclisin sədri postuna çağır. Onu inandırdım. Bu təklifi Elçibəy dəstəklədi. Heydər bəy gəldi. Milli Məclisin sədri oldu. Bu işin arxasında mən var idim. Bunu ilk dəfə səsləndirirəm. Elçibəyə dedim ki, təkbaşına bu işin öhdəsindən gələ bilməyəcəksən. Bizim üçün də çətinliklər yaradacaqsan. Heydər Əliyevi çağır yanına. Sənin işinə qarışmadan Məclis sədri olsun. Yaxın zamanlarda kitabım çıxacaq. Bu məsələnin detallarını orada açıqlamışam”.