Amerika Birləşmiş Ştatlarının istisadi problemləri dərinləşir, inflyasiya artır. Ağ Ev sahibi Co Bayden mövcud vəziyyətdən çıxış yolları axtarır. Keçmiş prezident Donald Tramp Çin mallarının Amerikaya ixracına maneələr yaradan xeyli qərara imza atmışdı. Bu ABŞ-la Çin arasında ticarət müharibəsinə səbəb olmuşdu. Bayden bu siyasəti davam etdirsə də, hazırda geri dönüş barədə düşünür.
Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
“Bayden Çin lideri Tsi Sinpinlə növbəti telefon danışığına hazırlaşır. Bayden Pekinlə Tayvanla bağlı gərginliyi arxa plana atmadan iqtisadi müstəvidə iki ölkə arasında münasibətlərin yumşalmasını istəyir. Bayden sonuncu dəfə Tsi Sinpinlə martın 18-də video format əsasında iki saata yaxın fikir mübadiləsi aparıb. O zaman nəticə hasil olmadı. Ancaq bu müddətdə Amerikadakı iqtisadi tənəzzül Baydeni yenidən Tsi Sinpinlə iqtisadi mövzuları müzakirəyə məcbur edir. Baydenlə yanaşı ABŞ müdafiə naziri Lloyd Ostin və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Cek Salivan da çinli həmkarlarıyla dialoqu davam etdirirlər. Bu dialoq da nəticə vermir. Buna baxmayaraq, Vaşinqton Pekinlə təmaslardan imtina etmir.